Sumqayıt universitetində məktəblilərin fizika üzrə fənn olimpiadası keçirilib
Sumqayıt, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) “Bu günün şagirdi, sabahın alimi” devizi altında məktəblərin IX-XI sinif şagirdləri arasında fizika üzrə fənn olimpiadası keçirilib. Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunan Olimpiadanın təşkilində məqsəd 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasına uyğun olaraq yeniyetmələrdə erkən yaşlarında elmə marağın artırılması, istedadlı uşaqların aşkarlanması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
AZƏRTAC xəbər verir ki, olimpiadada Sumqayıt şəhəri üzrə 33 məktəbdən 187 şagird iştirak edib. Hər sinif üzrə iştirakçılara 10 ballıq əmsalla kateqoriyalaşdırılmış açıq tipli 5 məsələ (ümumi qiymətləndirilmə 50 bal intervalında aparılmaqla) təqdim olunub.
Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə keçirilən olimpiadanın sualları universitetin alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın qaliblərinə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici mükafatlar veriləcək.