SUMQAYITDA ALMANİYALI TƏRƏFDAŞLARIN DAHA BİR LAYİHƏSİ GERÇƏKLƏŞDİRİLMİŞDİR
Layihənin milli əlaqələndiricisi Şəfiqə Hacıəhmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu humanitar tədbir Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsi çərçivəsində həyata keçirilmişdir. Sumqayıt ilə Lüdviqshafen (AFR) arasında 29 illik tarixi olan tərəfdaşlıq münasibətləri son vaxtlar xeyli möhkəmlənmişdir. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisi 2001-ci ilin martından Sumqayıtda 15 kiçik layihə həyata keçirmişdir. Bu layihələr arasında 30 nömrəli orta məktəbin bazasında idman meydançasının tikilməsi, alman dili mərkəzinin yaradılması, şəkərli diabet xəstəliyi olan uşaqlar üçün xüsusi məktəbin açılması da var.
Xüsusi sinifdə 4 qrupa bölünmüş 78 gözdən əlil uşaq Brayl üsulu ilə oxumağı öyrənəcəkdir. Bu, əlil uşaqlara gələcəkdə istədikləri peşəyə yiyələnməyə, ölkəmizin tamhüquqlu vətəndaşı olmağa kömək edəcəkdir. Almaniyalı tərəfdaşların dəstəyi ilə uşaqlar üçün xüsusi ləvazimat alınmış, təhsil üçün hər cür şərait yaradılmışdır.
Sinfin açılışında lüdviqshafenli qonaqlar – kadastr üzrə ekspert Peter Lübenau və xanım Yudit Raber də iştirak etmişlər. Onlar Sumqayıta şəhərin su və kanalizasiya sistemlərinin kadastrına dair layihənin, habelə məişət tullantılarının çeşidlənməsi üzrə sınaq layihəsinin gerçəkləşdirilməsi ilə əlaqədar gəlmişlər.