SUMQAYITDA AVROPA GƏNCLƏRİNİN ÜÇÜNCÜ BEYNƏLXALQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 2-dən 8-dək Sumqayıtda Avropa gənclərinin artıq ənənəyə çevrilmiş beynəlxalq görüşü keçirilmişdir. Görüş Avropa Gənclər Fondunun, respublika Gənclər və İdman Nazirliyinin, Sumqayıt Tələbələr İttifaqının və şəhər icra hakimiyyətinin dəstəyi ilə “Gənclərin inkişafı naminə” ictimai birliyi, Azərbaycanın gənc Avropa federalistlərinin Təşəbbüs qrupu, azərbaycanlı tələbələrin Avropa Forumu tərəfindən təşkil edilmişdir.
Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədovun dediyinə görə, indiki görüş “Hər kəs müxtəlifdir, hamı bərabərdir” kampaniyası çərçivəsində artıq üçüncü görüş idi. Bu görüş “Beynəlxalq münaqişələrin həllində gənclərin rolu” mövzusuna həsr edilmişdi.
Avropa Şurasının təşəbbüsü və faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə 1995-ci ildə start götürmüş bu kampaniya antisemitizmə, irqçiliyə, dözülməzliyə, cəmiyyətdə biganəliyə qarşı mübarizəni gücləndirməlidir.
Görüş çərçivəsində Avropanın 8 ölkəsindən Sumqayıta gələn qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, “Şəhidlər xiyabını” şəhər memorial kompleksini ziyarət etmişlər. Onlar Sumqayıtın görməli yerləri ilə tanış olmuş, Dövlət Rəsm Qalereyasında, Alman dili mərkəzində və digər yerlərdə də olmuşlar.