SUMQAYITDA “BANK OF BAKU”NUN İLK REGİONAL FİLİALI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Sumqayıtda “Bank of Baku” kommersiya bankının birinci filialı açılmışdır. Şəhərin bir neçə mikrorayonunun mərkəzində qısa müddətdə tikilmiş bu müasir tipli ikimərtəbəli bina memarlıq ansamblına gözəl uyğunlaşmışdır.
Filialın açılışı mərasimində “Bank of Baku”nun həmtəsisçiləri, habelə bankın idarə heyətinin sədri Şəhram Oromi, şəhər rəhbərliyinin, ictimaiyyətinin və işgüzar dairələrin nümayəndələri iştirak etmişlər.
Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, geniş bank sistemi şəbəkəsi Azərbaycanın iqtisadi imkanlarının artmasından xəbər verir, sahibkarlıq fəaliyyətinin, kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaradır. Bu, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ölkənin inkişaf strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Məhz bu strategiyanın prinsipləri dövlət başçısı İlham Əliyevin regionların inkişafına dair Dövlət Proqramında aydın əksini tapmış göstərişlərinin əsasını təşkil edir.
Bankın idarə heyəti sədrinin müavini Xalid Əhədov “Bank of Baku”nun tarixindən, fəaliyyətinin əsas istiqamətlərindən, inkişaf perspektivlərindən və regional siyasətindən danışmışdır.
Təzə binada geniş bank əməliyyatlarının həyata keçirilməsi, əməkdaşlar və müştərilər üçün gözəl şərait yaradılmışdır.