Sumqayıtda cinayətkarlığa qarşı mübarizə qətiyyətlə davam etdirilir
Sumqayıt, 29 mart, AZƏRTAC
Sumqayıtda evlərin birindən 340 manat, 4 min ABŞ dolları, 1700 avro, habelə qızıl əşyaları oğurlanıb.
Şəhər polis idarəsindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri T.Şirzadov və İ.Qarayev 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
İdarənin 3-cü polis bölməsinin əməkdaşları şəhər sakinləri olan 3 qadının çantasından ümumilikdə 120 manat pul, mobil telefon, yaddaş kartı və sənədlər, habelə 1 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovu yaxalayıblar.
Bundan başqa, 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də və 26-da şəhər ərazisində şirniyyat mağazalarının birindən 1200 manat pul, televizor, suvenir tüfəng, məişət əşyaları və ofislərin birindən 60 manat pul, 1 noutbuk, 4 mobil telefon, 1 fotoaparat və ətriyyat məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Mustafayev və A.Həsənov saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanıb.