Sumqayıtda icbari tibbi sığorta mövzusunda ictimai müzakirə aparılıb
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Sumqayıt Şəhər Gənclər Evində dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Sumqayıt şəhəri və ətraf rayonlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib ki, layihə üzrə tədbirlərin Sumqayıt şəhəri ilə yanaşı, Xızı rayonunda da keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi Sumqayıt və yaxın regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin edilməsinə yardımçı olmaq, onları icbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.
Səbinə Kərimova qeyd edib ki, əhalinin sağlamlığının qorunması, göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək üçün icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edib.
Vurğulanıb ki, dövlətimiz tərəfindən icbari tibbi sığortanın tətbiqi, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşması istiqamətində davamlı işlər həyata keçirilir.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasının vacib olduğunu bildirib.
Daha sonra İcbari Tibbi Sığorta Agentliyinin eksperti Sevil Əliyeva “İcbari tibbi sığorta nədir?”, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, “Göndərişlərin verilmə qaydası”, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası” barəsində təqdimatla çıxış edib
Tədbir müzakirələrlə davam etdirilib.