Sumqayıtda yeni uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir
Sumqayıt, 8 noyabr (AZƏRTAC). Sumqayıtın 9-cu mikrorayonunda yeni uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir. Bağçanın ətrafında abadlaşdırma işləri aparılmış, yaşıllıq salınmışdır. Burada uşaqlar üçün istirahət guşələri yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən uşaq bağçası-körpələr evinin direktoru Elza Bağırova məlumat vermişdir ki, ikimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı ilə bağlı zəruri şərait yaradılmışdır. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunmuşdur.
Şəhər icra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev balacaları, onların valideynlərini və kollektivi təbrik edərək vurğulamışdır ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində məktəblər və məktəbəqədər təhsil müəssisələri üçün müasir üslubda binaların tikilib istifadəyə verilməsi artıq ənənəyə çevrilmişdir. O, fikrini statistik rəqəmlərlə əsaslandırmışdır.
Sonra uşaq bağçası-körpələr evinə baxış keçirilmişdir. Bildirilmişdir ki, yataq otaqlarında balacaların istirahətinin təşkili üçün hər cür şərait vardır. Bütün zəruri avadanlıqla təchiz olunan idman, musiqi və oyun zalları, yemək otağı uşaqların ixtiyarında olacaqdır.
Qeyd edək ki, uşaq bağçası-körpələr evində Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada uşaqların təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır.
Açılış mərasimi uşaqların hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.