Sumqayıtdan Poltavaya könül körpüsü
Bakı, 29 iyun, AZƏRTAC
Görkəmli şairi və mütəfəkkir İvan Franko adına Sumqayıt Ukrayna İcmasının ofisində şəhərdə müvəqqəti məskunlaşan Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin sakinləri ilə Ukrayna icmasının təmsilçilərinin “Sumqayıtdan Poltavaya könül körpüsü” mövzuda görüşü olub.
İcmadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda edən igid vətən övladlarının xatirəsi yad edilib.
1991-ci il aprelin 7-də Qubadlının Ermənistanla sərhəd kəndi Yuxarı Cibiklidə erməni silahlı terrorçu dəstələrinin mühasirəsinə düşən sakinləri xilas etmək üçün döyüşə atılan 24 yaşlı leytenant Oleq Babakın xatirəsinə həsr edilən tədbirdə qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” (“Олег Бабак, Азербайджан тебе не забуде!”) kitabı (müəllif Hacı Nərimanoğlu, tərcüməçi Andrey Çurkanov) təqdim olunub.
Görüşdə İcmanın sədri Tamilla Musayeva, Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qubadlı rayon filialının sədri Razim Əliyev, Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov, şəhid Əliş Məhərrəmovun nəvəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Həcər Əkbərova, şəhid Məğrur Şirinovun qardaşı, bloger Zaur Zəngəzurlu, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Cibikli kənd inzibati dairəsi üzrə nümayəndəsi Tural İldırımlı, Oleqin yaxından tanıyan təqaüdçü polis zabiti İslah Qənbərov və başqaları qəhrəmanların ömür yolunun təbliğinin əhəmiyyətini, bu nəşrin iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.
Oleq Babakın Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində yaşayan anası Nadiya Babak onlayn tədbirə qatılaraq deyib: “Yeganə oğlum Oleq haqqında kitab kənddə əl-əl gəzir, böyük maraqla oxunur. Bu kitab bizə ömrümüzün ahıl çağında böyük təskinlik oldu, çox razıyıq, unutmadığınız üçün sağ olun.
Ukraynadakı Azərbaycan diplomatları, diaspor təmsilçiləri illərdir ki, bizə daimi qayğı, diqqət göstərirlər. Çox minnətdarıq, Allah Azərbaycan kimi Ukraynaya da əbədi sülh, əmin-amanlıq bəxş etsin”.
Tədbirin iştirakçılarına, Sumqayıt şəhərinin və Şərqi Zəngəzur bölgəsinin təhsil, mədəniyyət müəssisələrinin təmsilçilərinə kitabın nüsxələri, elektron diskləri, Oleq Babakın ömür yolunu əks etdirən fotoalbomlar hədiyyə edilib. İki xalqın təmsilçilərinin səmimi ünsiyyət ab-havasında keçən görüş iştirakçılarda unudulmaz xoş ovqat yaradıb.