Sumqayıtın yaşayış massivlərində daha 10 nümunəvi həyət yaradılıb
Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda şəhərin mikrorayon və məhəllələrində yeni nümunəvi istirahət guşələrin istifadəyə verilməsi prosesi davam edir. Təkcə Novruz bayramı ilə əlaqədar tətil günlərində bir neçə həyətin açılışı olub.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Rzaqulu Cəfərquliyev AZƏRTAC-a bildirib ki, 10 yaşayış massivində - 5, 8, 9, 10, 11, 13-cü mikrorayonlar və 41A, 30, 34, 36-cı məhəllələrdə yenidən qurulan 10 həyət artıq sakinlərin ixtiyarına verilib. Nümunəvi həyətlərdə asfalt örtüyü yenilənib, uşaqlar üçün əyləncə-idman meydançaları yaradılıb, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, binaların fasadları rənglənib. Həyətlərin açılışında Sumqayıt Regional Mədəniyyət İdarəsi müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışı tədbirlərə xüsusi rəng, bayram ovqatı qatıb.
Bu istiqamətlə işlərin davam edəcəyini bildirən R.Cəfərquliyev deyib: “Hazırda yenidən qurulacaq həyətlər müəyyənləşdirilir, görüləcək işlərin planı hazırlanır. Nümunəvi həyətlərin yaradılması 70 yaşını qeyd etməyə hazırlaşan yeniləşən Sumqayıt şəhəri üçün gözəl töhfədir”.