Sumqayıtlı yazıçının yeni kitabı oxuculara təqdim olunub
Sumqayıt, 9 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatçısı, tərcüməçi-yazıçı Arif Ərşadın “Hekayələr” kitabının təqdimatı keçirilib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin AZƏRTAC-a bildirib ki, təqdimat pandemiya şəraitində karantin rejiminin qaydalarına uyğun təşkil olunub.
Təqdimatda çıxış edənlər əsərləri dövri mətbuatda tez-tez tirajlanan Arif Ərşadın müasir ədəbiyyatımızda maraqlı hekayələr ustası olduğunu vurğulayıblar. Qeyd olunub ki, onun “Ömür qatarı” adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. “Hekayələr” adlı ikinci kitabı isə 2020-ci ilin dekabr ayında çapdan çıxıb. Yazıçı maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dili ilə oxucuya çatdırmaq, dərin sözaltı mənalar fikirləşmək, gözlənilməz hadisələr qurmaq istedadına malikdir. Müəllifin qələmindən çıxan hekayələrində gündəlik həyatın acılı-şirinli anlarında insan xarakterinin və ailədaxili münasibətlərin incə nüansları çox böyük ustalıqla açıqlanır, təbiətə və insana sevgi, vətənpərvərlik tərənnüm olunur. Məhz ona görə Arif Ərşadın hekayələri maraqla oxunur.
Natiqlər Arif Ərşadın müasir dövr hekayə janrında özünəxas üslubda yazıları ilə seçildiyini bildirərək, onun fransız yazıçısı Emil Zolyanın “Tereza Raken”, “Naturalizm” və Amerika yazıçısı Karlos Kostanedanın “Don Xuanın təlimi” romanlarını Azərbaycan dilinə tərcümə etdiyini vurğulayıblar.