Suraxanı rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün reydlər aparılıb
Bakı, 31 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 40-42, məhəllə 60 ünvanında yaşayan bir qrup sakinin müraciəti ilə əlaqədar Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə rayonda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib.
Reyd zamanı rayonun Z.Şərifov, N.İsmayılov, Y.Eyvazov, Ə.Mehbaliyev küçələri və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.
Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı zəruri məlumatlar verilib.