SURİYA VAŞİNQTONU ABŞ BARƏSİNDƏ ƏHVALİ-RUHİYYƏNİ QIZIŞDIRMAQDA TƏQSİRLƏNDİRİR
Suriya diplomatları ABŞ-ın Dəməşqdəki səfirliyinə basqınla əlaqədar bildirmişlər: “Bu yaxınlarda Livanda, Fələstin ərazilərində və İraqda baş verən hadisələr dünya terrorizmi ilə müharibəni ancaq çətinləşdirir. ABŞ Yaxın Şərqdə apardığı siyasətə yenidən baxmaq üçün imkandan istifadə etməli, terrorizmin əsas səbəblərini üzə çıxarmalı və regionda möhkəm sülh yaranmasına kömək göstərməlidir”.
Suriya səfirliyi ABŞ-ın diplomatik nümayəndəliyinə hücumu “ekstremist qruplaşmanın mənfur terror aktı” adlandıraraq vurğulamışdır ki, Dəməşq “ABŞ səfirliyinin müdafiəsinə dair öhdəliklərini Cenevrə Konvensiyasına uyğun olaraq ən yaxşı tərzdə yerinə yetirmişdir. Suriyanın təhlükəsizlik qüvvələri əsas zərbəni öz üzərinə götürmüş və bədbəxtlikdən, hüquq mühafizə orqanlarının bir əməkdaşını itirmişlər”.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Kondoliza Rays Amerika səfirliyinin təhlükəsizliyini təmin etdiyinə görə Suriyaya minnətdarlığını bildirmişdir. Lakin Ağ ev Dəməşqi terrorizmlə mübarizədə əməkdaşlığa bir daha çağırmaq fürsətini də əldən verməmişdir.
Xatırladaq ki, sentyabrın 12-də naməlum yaraqlılar ABŞ-ın Dəməşqdəki səfirliyinə basqın etmişlər. Onlar binanı və onun mühafizəçilərini odlu silahdan və qumbaraatanlardan atəşə tutmuş, habelə minalanmış avtomobili partlatmağa cəhd göstərmişlər. Atışma zamanı dörd terrorçunun hamısı öldürülmüş, bir suriyalı keşikçi həlak olmuşdur. Amerikalılardan heç kim xəsarət almamışdır. Lakin hadisə yerinin yaxınlığında olmuş bir Çin diplomatı yüngülcə yaralanmışdır.