SURİYA YAXIN ŞƏRQ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASINDA BMT TƏHLÜKƏSİZLİK ŞURASINA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİR
Səfir guya Suriyanın “Hizbullah” təşkilatını təhrik etməsi ilə bağlı ABŞ-ın və İsrailin irəli sürdüyü ittihamları təkzib etmişdir. H.Rişe demişdir: “Hizbullah” xarici qüvvələrə tabe olmayan Livan təşkilatıdır”. O, Suriyanın “Hizbullah”ı Rusiyadan aldığı silahlarla təchiz etməsi barədə ittihamları da rədd edərək demişdir: “Suriya nə “Hizbullah”a, nə də başqalarına himayədarlıq etmir. Qloballaşma şəraitində bütün bazarlar açıqdır və dünyada hər hansı digər qüvvələr kimi, “Hizbullah” da istədiyi silahı ala bilər. Suriya beynəlxalq sazişlərə hər zaman riayət etmiş və onları heç vaxt pozmamışdır”.
Suriya diplomatik missiyasının başçısı bildirmişdir ki, onun ölkəsi Yaxın Şərq münaqişəsinin ədalətli həlli məsələsində BMT Təhlükəsizlik Şurasına böyük ümidlər bəsləyir, çünki regionun digər dövlətlərinin də bu münaqişəyə cəlb olunması təhlükəsi var. Onun sözlərinə görə, hazırda Livandan Suriyaya 50 mindən çox qaçqın gəlmişdir. Yaxın Şərqdə münaqişə artarsa, Suriyanın öz müstəqilliyini müdafiə etməyə hazır olduğunu deyən səfir vurğulamışdır ki, onun ölkəsi dostları ilə yaxşı münasibətlər sayəsində müdafiə sahəsinə böyük diqqət yetirmişdir.
Həsən Rişe münaqişənin lap əvvəlindən döyüş əməliyyatlarına son qoymağa çağıran Rusiyaya Yaxın Şərqdə yaranmış vəziyyətdə prinsipial mövqeyinə görə təşəkkürünü bildirmişdir.