SÜRÜCÜLÜK VƏ ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİN VERİLMƏSİ,NƏQLİYYAT VASİTƏLƏRİNİN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI RÜSUMLAR DƏYİŞDİRİLƏCƏKDİR
“Dövlət rüsumu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdir ki, sürücülük və şəxsiyyət vəsiqələrinin verilməsi, zərgərlik məmulatlarının əyarlanması və damğalanması, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və s. məsələlər üzrə rüsumlar dəyişdiriləcəkdir. Bu qanun yanvarın 1-dən qüvvəyə minəcəkdir.
Sonra “Sosial sığorta haqqında” Qanuna təklif edilən əlavələrə və dəyişikliklərə baxılmışdır. Layihədə deyilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, eləcə də hamiləliyə və doğuma görə, ən azı 6 ay müddətində məcburi dövlət sosial sığorta haqqı ödəmiş şəxslər müavinət ala biləcəklər.
Sonra “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” və “Banklar və kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızlar üzrə divident və faizlərindən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Qanunun qüvvədəolma müddətinin uzadılması barədə” qanun layihələrinə baxılmışdır.
Sonda komissiya üzvlərinin, mütəxəssislərin rəy və təklifləri nəzərə alınmaqla qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.