Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə birliyinin yeni tarixi mərhələsidir
Bakı, 14 iyun, AZƏRTAC
15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Ulu öndər Heydər Əliyev 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentində ratifikasiyasa edilib. Ötən bir ildə mühüm addımlar atılıb, tədbirlər keçirilib. Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında - Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və digərələrində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Türkiyə şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasında yaxından iştirak edir. Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”.
Hicran Hüseynova deyib ki, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir və bunun tarixi çox qədimdir. Bizim ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız var. Tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Lakin bununla yanaşı, regionda və dünyada gedən prosesləri, geosiyasi vəziyyəti düzgün təhlil edərək, gələcək strateji hədəfləri müəyyən etmək və qarşılıqlı etimad və etibar əsasında qərarlar qəbul etmək vacibdir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyasi, region və dünya üçün tarixi hadisədir. Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir.
Milli Məclisin deputatı, həmçinin bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaqdır. Elə bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, birliyini bütün dünyaya bildirən bir mesajdır.