“ŞUŞA BİZİM MUSİQİ MƏBƏDİMİZDİR”
Moskvada nəşr olunan mötəbər “Muzıkalnaya akademiya” (keçmiş “Sovetskaya muzıka”) jurnalının builki birinci nömrəsində Azərbaycanın musiqi həyatına geniş yer verilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra ötən on ildə musiqimizin nailiyyətləri, həmişəyaşar Üzeyir Hacıbəyov və Qara Qarayev irsi bu günün gözü ilə, bəstəkarlarımızın yeni əsərləri, beynəlxalq musiqi əlaqələrimiz və s. mövzularda yazılar dərc olunmuşdur. Bəstəkarlardan Fərəc Qarayev, Firəngiz Əlizadə, Cavanşir Quliyev, İsmayıl Hacıbəyov, Rəhilə Həsənova, Afaq Cəfərova, Elmir Mirzəyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, musiqişünaslardan C.Səlimxanov, T.Məmmədov, Z.Dadaşzadə, A.Əmrahova, S.Bağırova, N.Əliyeva, L.Abdullayeva, L.Mehdiyeva, K.Dadaşzadə, G.Vəzirova, filosof Rəhman Bədəlov jurnalda dərc olunmuş məqalələrin, müsahibələrin müəllifləri sırasındadırlar. Qara Qarayev məktəbinin xüsusiyyətləri haqqında suallara onun tələbələri, məşhur bəstəkarlar Arif Məlikov və Xəyyam Mirzəzadə cavab verirlər. Yazıçı Anarın “Qarayevin işığı” essesi də böyük sənətkara həsr olunmuşdur.
Sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın “Şuşa bizim musiqi məbədimizdir” adlı geniş məqaləsinin Moskva jurnalında dərc olunması böyük əhəmiyyətə malikdir. Məqalədə Azərbaycan musiqisinin beşiyi, mədəniyyətimizin qədim mərkəzi Şuşanın musiqi həyatı, bu şəhərdə yetişmiş böyük sənətkarlarımız haqqında ətraflı bəhs olunur. Jurnalın bu nömrəsində Z.Səfərovanın “Dədə Qorqudun musiqi dünyası” sərlövhəli məqaləsi də verilmişdir.
Bakıda musiqiyə aid çıxan kitablar barədə məlumatların, musiqi həyatımızın xronikasının, başqa maraqlı materialların, çoxlu illüstrasiyaların dərc olunduğu “Muzıkalnaya akademiya”nın bu nömrəsi sənətimizin xaricdə layiqli şəkildə təbliği işinə xidmət edir, bu sahədə önəmli və nəcib təşəbbüsdür.