ŞÜVƏLANDA UŞAQ VƏ AİLƏLƏRƏ DƏSTƏK MƏRKƏZİ AÇILMIŞDIR
Uşaqların Xilası Təşkilatının ölkə üzrə direktoru Cef Ciakomini bildirmişdir ki, mərkəz təmsil etdiyi qurumun və Azərbaycana Birgə Yardım Təşkilatının həyata keçirdiyi “Uşaqlara icma - əsaslı dəstək proqram”ı çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır. O demişdir ki, 2004-cü ildən həyata keçirilən və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyasını təbliğ edən proqram cərcivəsində Azərbaycanın daha iki bölgəsində - Mingəcevir və Goranboyda da belə mərkəzlər yaradılmış və onlardan 1711 uşaq yararlanır.
Mərkəzlərin fəaliyyət istiqamətləri barədə məlumat verən USAİD təşkilatının ölkə üzrə direktoru Skot Teylor vurğulamışdır ki, ABŞ hökuməti xüsusi qayğıya ehtiyacı olan əlil və kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyası, onların bacarıqlarının artırılması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir.
Təhsil Naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov mərkəzin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirmiş və Azərbaycanın gələcəyi naminə bu cür mərkəzlərin daha çox yaradılacağına əminliklərini ifadə etmişlər.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra, mərkəzlə tanışlıq olmuş və burada yaradılan şərait yüksək qiymətləndirilmişdir.