“Sziget” festivalına gələnlər təqribən 300 min avronu Macarıstanda “unudub” gediblər
Budapeşt, 3 sentyabr, AZƏRTAC
Budapeştdə keçirilən festivalların, o cümlədən ən böyük tədbirlərdən biri olan “Sziget” festivalının təşkilatçısı “Sziget Kulturális Menedzser Iroda Zrt.” şirkəti bu il “FestiPay” kartlarında qalmış pullar hesabına 104 milyon forintdən çox (təqribən 300 min avro) gəlir əldə edib.
AZƏRTAC bu barədə “Vilaqqazdaşak” qəzetinə istinadla xəbər verir.
Məsələ burasındadır ki, “FestiPay” sistemi festivaldan əlavə, bu ölkədə keçilən “VOLT Fesztivál” və “Balaton Sound” digər iri tədbirlərdə də inteqrasiya edilmiş nağdsız ödəniş imkanını təmin edir. Bu servisdən istifadə etmək üçün sistemin kartına müəyyən məbləğ ödənilməlidir. Çox vaxt elə olur ki, kart sahibi həmin kartdakı pulları tam xərcləmir və qalan məbləği geri almağın qeydinə qalmır. Belə hallarda kartda qalmış məbləğ “FestiPay” sisteminin mülkiyyətinə keçir, çünki həmin sistemdə bu pulları sonradan qaytarmaq imkanı nəzərdə tutulub.
2017-ci ildə şirkət “istifadə edilməmiş” 800 min avroya yaxın pula sahib olub. Belə çıxır ki, bu il festivala gələnlər daha diqqətli olublar.
Qəzet yazır ki, “Sziget Kulturális Menedzser Iroda Zrt.” şirkəti bu il əla göstəricilərə nail olub. Onun mədaxili 2018-ci ildəki 12,53 milyard forintdən, 2019-cu ildə 15,66 milyard forintə, o cümlədən biletlər satışı hesabına 10,26 forintə çatıb. Halbuki əvvəlki iki il ərzində bu maddə üzrə mədaxil cəmi 7,69 milyard forint olmuşdu. Vergilər tutulandan sonra cari ilin yekunlarına görə şirkətin mənfəəti 1,42 milyard forintə bərabər olub. Bu məbləğ dividend kimi ödənilib.
Xatırladaq ki, cari valyuta məzənnəsinə görə 1 avro 325 forintə bərabərdir.
Pərvanə Qrayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt