Tablolarda danışan qan yaddaşımız
Lənkəran, 25 fevral (AZƏRTAC, Bağır Əliyev). Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş “Tablolarda danışan qan yaddaşımız” adlı sərginin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin direktoru Seyidzadə Şəfiyeva çıxış etmişdir. O bildirmişdir ki, hər bir tarixi hadisə eyni zamanda sənət əsərlərinin də mövzusuna çevrilir. Azərbaycan xalqının tarixən yaşadığı faciələri, münaqişə və müharibələri yaradıcı insanlar əsrlər boyu öz əsərlərində əks etdirmişlər. Bu, indi də belədir.
Vurğulanmışdır ki, rəsm əsərlərində qanlı tariximiz daha təsirli və obrazlı təsvir olunur. Bu gün sərgidə nümayiş etdirilən rəsmlərdə məktəblilərin, gənclərin Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibətini, təcavüzkara nifrətini aydın görmək mümkündür. Eyni zamanda onların rənglərin dili ilə canlandırdıqları faciə, ağrı-acı, bunların fonunda xalqın qürur və yenilməzliyi, birliyi təsiredici bir görüntü yaradır. Bu rəsmlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik hissləri ilə yaşadığının əyani təsdiqidir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.