Tahir Mirkişili: Gələn il üzrə pensiya xərclərinin ÜDM-ə nisbəti 5,5 faiz olacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda 2024-cü il üzrə pensiya xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 5,5 faiz olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 3,7 faiz idi. Son illərdə aparılan islahatlar bu faizi artırıb. Türkiyədə bu rəqəm təxminən 10 faiz, Avropa Birliyində 13 faizdir. Bütövlükdə, bu istiqamətdə aparılan islahatlar sonda bizə bu hədəfə çatmağa imkan verməlidir. Azərbaycanda məcburi dövlət sığorta haqlarının əhalinin gəlirlərinə nisbəti cəmi 6,2 faizdir. Bu, o deməkdir ki, əhalinin bir ildə əldə etdiyi gəlirin yalnız 6,2 faizi məcburi dövlət sığorta haqlarına ödənilir. Ölkəmizdə pensiyaçıların sayı məşğul əhalinin təxminən 20 faizinə yaxındır.
“Bu istiqamətdə şəffaflığı artırmaqla ən azı əhalinin nominal gəlirlərinin təxminən 10 faizə yaxını məcburi dövlət sığorta haqları kimi formalaşmalıdır. Bu zaman DSMF-nin gəlirləri artacaq və digər rəqəmlərə də çatmaq mümkün olacaq”, - deyə komitə sədri vurğulayıb.