“Taliban” hərəkatı xarici ölkələri Əfqanıstanı bərpa etməyə çağırıb
Bakı, 20 avqust, AZƏRTAC
“Taliban” hərəkatının Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Suheyl Şahin xarici ölkələri Əfqanıstanı bərpasında iştirak etməyə və onun təbii sərvətlərinin hasilatı ilə məşğul olmağa çağırıb.
AZƏRTAC bu barədə Ariana News telekanalına istinadla xəbər verir.
“Müharibə və dağıntılar mərhələsindən yeni çıxmışıq və əfqan xalqının başqa ölkələrdən yardıma ehtiyacı olduğu yeni bir mərhələyə qədəm qoymuşuq. Səhiyyə, infrastruktur, təhsil və digər sahələrdə bizə kömək edilməlidir. Əcnəbilər təbii sərvətlərimizi hasil edə bilərlər”, - deyə Məhəmməd Suheyl Şahin bildirib.
Onun sözlərinə görə, bu dəvət bütün ölkələrə aiddir və taliblər Əfqanıstan tarixinin belə gərgin anında istənilən dövlətin yardımını qiymətləndirir.
Xatırladaq ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatının silahlı dəstələri ölkə ərazisinin tam nəzarət altına alındığını elan edib. Hazırda taliblər ölkənin gələcək idarəetmə quruluşu və hakimiyyət institutlarının formalaşdırılması barədə danışıqlar aparır. Ölkə Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Qərb ölkələri isə öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Kabildən təxliyə edir.