TANINMIŞ MEMARIN YUBİLEYİ
Tanınmış Azərbaycan memarı Tələt Xanlarovun 75 illiyi münasibətilə Memarlar İttifaqında yubiley toplantısı keçirilmişdir. Memarlar İttifaqı Katibliyinin və Rəyasət heyətinin üzvləri, Dövlət Tikinti və Arxitektura Komitəsinin, iri layihə təşkilatlarının rəhbərləri, həmkarları və dostları Tələt Xanlarovu təbrik etməyə gəlmişdilər.
Memarlar İttifaqının prezidenti, respublikanın əməkdar memarı İlham Əliyev giriş sözündə yubilyarın Azərbaycan memarlığının inkişafına böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki, Tələt Xanlarov paytaxtdakı idman-konsert kompleksinin, Nərimanov və Nəsimi rayonlarındakı inzibati binaların, Dövlət Statistika Komitəsinin, metronun “Memar Əcəmi” stansiyasının, Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasının və bir sıra digər obyektlərin layihələrinin müəllifi, Binə beynəlxalq hava limanının, başqa obyektlərin layihə işləri, tikintisi və dizaynı üzrə məsləhətçidir.
Tələt Xanlarov həmkarları tərəfindən yüksək qiymətləndirilən yaradıcılıq fəaliyyəti ilə yanaşı, ictimai işlə də səmərəli məşğul olur. 20 il ərzində o, Memarlar İttifaqı idarə heyətinin sədri işləmiş görkəmli Azərbaycan memarı, öz müəllimi akademik Mikayıl Hüseynovun birinci müavini olmuşdur. İttifaqın Rəyasət heyətinin üzvü kimi, indi də təşkilatın işində fəal iştirak edir.
Sonra “Azərdövlətlayihə” İnstitutunun direktoru Yaşar Mirzəzadə, Tələt Xanlarovun dostları və həmkarları çıxış edərək, memarın böyük təşkilatçılıq qabiliyyətindən, ona ölkəmizdə nüfuz və hörmət qazandıran yüksək mənəvi və insani keyfiyyətlərindən danışdılar.
Milli memarlığın inkişafına sanballı töhfəsinə görə Tələt Xanlarov “Şöhrət” ordeni ilə təltif olunmuş, Azərbaycanın əməkdar memarı adına, ömürlük Prezident təqaüdünə layiq görülmüşdür.