Tarix İnstitutunda elmi şuranın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı iclası
Bakı, 20 fevral, İbrahim Əsədov, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş genişləndirilmiş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb.
Məkrli ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti apardıqlarını qeyd edən alim düşmənin Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri tarixi faktlar və dəlillərlə diqqətə çatdırıb. Qeyd edilib ki, əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər.
Y.Mahmudov ermənilərin törətdikləri Xocalı hadisəsinin XX əsrdə baş vermiş ən dəhşətli və amansız soyqırımı aktı olduğunu bildirib. Müasir dünyada gedən siyasi proseslərdən bəhs edən alim bəşəriyyət üçün təhlükəli olan erməni terrorizminin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Y.Mahmudov Ermənistanın işğalçı ordusu tərəfindən zəbt edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.
Tədbirdə cəsur Azərbaycan hərbçisi, Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, düşmənə layiqli cavab veriləcəyinə inamını ifadə edib.
Digər çıxış edənlər də erməni qəddarlığından danışıb, Azərbaycanın haqq işinin qalib gələcəyinə əminliklərini vurğulayıblar.
Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş kitabların sərgisi keçirilib. Sərgidə Xocalı qırğınından bəhs edən nəşrlərlə yanaşı, “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, “Azərbaycan tarixi arxiv sənədlərində”, “Azərbaycanın Xankəndi şəhərinin tarixi” və digər kitablar da nümayiş olunub.