Tatarıstan televiziyasında Azərbaycanın tatar icması haqqında film nümayiş olunacaq
Bakı, 17 iyul (AZƏRTAC). “Tatarıstan - novı vek” teleradioşirkətinin (TNB) Azərbaycanda “Tatarlar” proqramı üçün çəkilişləri başa çatıb.
AZƏRTAC Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin saytına istinadla xəbər verir ki, üç gün davam edən çəkilişlərin qəhrəmanları Azərbaycandakı tatar diasporunun nümayəndələri olub. “Tatarlar” proqramının baş redaktoru Rail Umutbayevin sözlərinə görə, “TNB”nin çəkiliş briqadası ezamiyyət müddətində Bakıdakı tatar icmasının həyatını mümkün qədər hərtərəfli işıqlandırmağa çalışıb. Yaxın günlərdə “TNB” tamaşaçılarına Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin, “Turan tel” Tatar Mədəniyyəti Cəmiyyətinin və “Yaşlek” Tatar Gəncləri Mərkəzinin fəaliyyətinə həsr olunmuş silsilə verilişlər təqdim olunacaq, Bakıdakı tatar məzarlığından və daha çox tatarların getdikləri Göy məsciddən söz açılacaq.
Jurnalistlər tanınmış Azərbaycan jurnalisti və fotomüxbiri Fərid Xayrulinin ailəsinə ayrıca süjet həsr ediblər. “Eurovision-2012” müsabiqəsinin qalibi, nəsil şəcərəsində tatar kökləri olan Azərbaycan müğənnisi və musiqiçisi Eldar Qasımov proqramın daha bir qəhrəmanı olacaq. “Tatarlar” proqramı E.Qasımovun ulu nənəsi, Azərbaycan və sovet teatr və kino aktrisası, SSRİ və Azərbaycan Xalq Artisti, vaxtilə Həştərxan Tatar Dram Teatrının səhnəsində oynayan Mərziyyə Davudovadan da söz açacaqlar.
“Tatarlar”ın çəkiliş qrupunun Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Rail Umutbayev burada gördüklərinin təəssüratı altında olduğunu vurğulayaraq deyib: “Bizim redaksiyamız dünyada tatarların sıx yaşadıqları, demək olar, bütün yerlərdə olub, lakin Bakı tatarları bizi həm sevindirib, həm də mat qoyub. Burada tatar dilini və ənənələrini unutmur, qoruyub saxlayırlar. Lakin Bakı tatarlarının miqrasiya yolunu izləsək görərək ki, Azərbaycandakı tatarların çoxu əslən Tatarıstandan deyil, Rusiyanın Penza, Ulyanovsk regionlarından, Mordoviyadandır. Bu maraqlı fakt onu göstərir ki, onlar vaxtilə yurd-yuvalarını tərk edib burada məskunlaşmaqdan qorxmayıb, eyni zamanda öz köklərini, mədəniyyətini və dilini qoruyub saxlayıblar.
“Azərbaycan tatarlarının ənənəvi mədəniyyətinin bir sıra xüsusiyyətlərinin “TNB” jurnalistlərini təəccübləndirdiyini vurğulayan R.Umutbayev deyib: “Bakıdakı tatar məzarlığında qəbirlərin çoxunun üzərində Kul Şərif məscidinin təsviri həkk edilib. Biz Tokio, Helsinki, Nyu-Yorkda tatar məzarlıqlarını çəkmişik, lakin qəbirüstü daşların belə tərtibatına heç yerdə rast gəlməmişik. Bu, məhz Bakı tatarlarına xas olan xüsusiyyətdir, Bu ənənə hətta Kazanda müşahidə olunmur”.