Tbilisi Dövlət Universitetində azərbaycanlı və gürcü gənclərin görüşü olub
Tbilisi, 27 dekabr, AZƏRTAC
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində azərbaycanlı və gürcü gənclərin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyası, azərbaycanlı və gürcü gənclər arasında dostluğun möhkəmləndirilməsi, onların birgə hazırladıqları və həyata keçirdikləri layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Gələn il azərbaycanlı və gürcü gənclər arasında təhsil sahəsində birgə əməkdaşlıq, siyasət, iqtisadiyyat, humanitar və tibb ixtisasları alan tələbələr arasında bilik yarışmalarının təşkili və s. məsələlər də diqqət mərkəzində olub.
Universitetin rektoru professor Giorgi Şarvaşidze bildirib ki, gənclərin elm, mədəniyyət və digər sahələrdə birgə səmərəli əməkdaşlığı Gürcüstanın inteqrasiyasına, beynəlxalq və regional əməkdaşlığına təkan verir.
Digər çıxış edənlər azərbaycanlı və gürcü gənclər arasında yaranmış bu əlaqələrin daha inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda Gürcüstanın inteqrasiyasında, tələbə gənclər arasında dostluq münasibətlərinin inkişafında fərqlənən azərbaycanlı və gürcü gənclərə diplom və fəxri fərmanlar verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi