Tbilisidəki Milli Parlament Kitabxanasında Qarabağ xalçaları sərgilənib
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstanın Milli Parlament Kitabxanasının zalında Qarabağ xalçalarının sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbənin - Zəfər Gününün ildönümünə həsr olunan sərgidə şəxsi kolleksiyalarda saxlanılan Qarabağ xalçaları nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Diaspor Komitəsinin üzvləri, gürcü və azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin əməkdaşı Leyla Əliyeva tədbiri açdıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə açılıb.
Sərgidə Qarabağın müxtəlif bölgələrinin mədəniyyətini, əsrarəngiz təbiətini əks etdirən 20-dən çox xalça nümayiş etdirilir.
Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan dostluğundan, mədəni əlaqələrindən söz açıb, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan hökumətinin və soydaşlarımızın dəstəyini qeyd edib.
Diplomat Qarabağ xalçalarından ibarət sərginin açılışını mədəni əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.
Sonra Gürcüstan Milli Kitabxanasının məsul əməkdaşı Eldar Nodaradze, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi yüksək Qələbənin əhəmiyyətindən danışıb, sərgi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivinin, eləcə də Azərbaycanın və Gürcüstanın tanınmış müğənnilərinin ifasında Qarabağa həsr olunmuş nəğmələr və xalq mahnıları təqdim olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi