TEATR BEYNƏLXALQ FESTİVALDAN QAYITMIŞDIR
Məlumatda bildirilir ki, 18 ölkənin peşəkar teatr kollektivinin qatıldığı bu nüfuzlu festivalın açılışına həsr olunmuş qala-konsertdə teatr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ölməz “Arşın mal alan” komediyasından parçalarla çıxış etmişdir. Aktyorlarımızın çıxışları tədbir iştirakçıları, o cümlədən Moskva vilayətinin qubernatoru, general B.Qromov, vilayətin mədəniyyət naziri Q.Ratnikova və digər rəsmi şəxslər sürəkli alqışlarla qarşılanmışlar. Bu, Üzeyir bəyin yaratdığı sənət əsərinə, eləcə də Azərbaycan teatrına sonsuz marağın nümunəsi sayılmalıdır.
Festivalda təqdim olunan tamaşaları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi İlham Rəhimlinin də daxil olduğu tənqidçilər qrupu qiymətləndirirdi. Festivalın yekununda həmyerlimizin tamaşalar haqqındakı obyektiv çıxışını təkcə festival iştirakçıları deyil, eyni zamanda tənqidçilər qrupu da maraqla qarşılamışdır.
Festivalın gündəliyi özünün zənginliyi ilə yox, həm də peşəkar teatr kollektivləri rəhbərlərinin arasında qarşılıqlı sazişlərlə, tanışlıqlarla yaddaqalan olmuşdur.
Təntənəli bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin başçısı, Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri, əməkdar incəsənət xadimi Əliqismət Lalayev onlara göstərilən səmimi münasibətə, diqqət və qayğıya görə festivalın təşkilatçılarına və vilayətin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirdə aktyorlarımıza festivalın diplomları təqdim olunmuşdur.