TƏBİB: İctimai iaşə müəssisələrində iş və şəxsi geyimlər müxtəlif dolablarda saxlanılmalıdır
Bakı, 8 may, AZƏRTAC
İctimai iaşə müəssisələrində COVID-19 -a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və əks-epidemik tədbirlər barədə məlumatlandırılması vacibdir. Müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayətetmə səviyyəsi təmin edilməli, həmin qaydalar barədə məlumat vərəqələri çap edilərək müvafiq sahələrə - soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s. yerləşdirilməlidir. Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması vacibdir. Xam məhsullar istifadədən əvvəl təmizlənməli, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirilmələr aparılmalıdır. Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməli, həmin şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Metodiki göstərişlərdə, həmçinin qeyd olunub: “Sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının - sanitar qovşaq, soyunub-geyinmə otağı və s. işlək və təmiz vəziyyətdə saxlanılması lazımdır. Müəssisənin axar isti və soyuq su təchizatının olması, təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təminatı vacibdir. Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalıdır. Həmçinin birdəfəlik istifadə üçün salfetlərin, yetərli sayda tibbi maskaların və əlcəklərin təmini mühümdür. İstifadə edilmiş tibbi maskalarının atılması üçün ayrıca qapalı torbalara qoyulması, mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi gərəklidir. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Müştərilərin şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);
• Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
• Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
• Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
• Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
• Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
• Anbarlar (xlor tərkibli məhlul və ya digər);
• Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
• Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
• Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
• Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər)”.
Metodiki göstərişlərdə, həmçinin iş geyimi ilə əlaqədar gigiyenik qaydalar da əks olunub. Qaydalara əsasən, işə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir. İş və şəxsi geyimlər müxtəlif dolablarda saxlanılmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir. Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.