TƏBİİ ƏRZAQ MƏHSULLARI TƏHLÜKƏSİZDİR
İndən belə “Təbii məhsul” etiketi ABŞ-da rəsmi statusa malikdir və onu göstərir ki, həmin ərzaq məhsulu kənd təsərrüfatı nazirliyinin konkret tələblərinə tamamilə cavab verir.
Alıcılara gəldikdə isə, məhsulların üstündəki belə etiket bildirir ki, onların tərkibində pestisidlər, antibiotiklər, yaxud gen mühəndisliyi üsulundan istifadə yolu ilə alınmış komponentlər ola bilməz. Belə məhsullar bakteriyaları məhv etmək və onların saxlanma müddətlərini uzatmaq üçün radiasiyadan təmizlənmə prosesindən də keçməmişlər. İndi tətbiq olunan standartlara görə, üstündə etiket olan süd, ət məhsulları və yumurta yemlərə antibiotiklər, böyümə hormonları əlavə edilməmiş heyvanlardan və quşlardan alınmışdır. Bu, həm də o deməkdir ki, heyvanlar və quşlar konveyer “dörd divar arasında” deyil, təbii şəraitdə saxlanmışdır.
Təbii, yaxud ekoloji cəhətdən təmiz ərzaq məhsulları ABŞ-da getdikcə daha geniş yayılır. İTAR-TASS xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu bazarın həcmi 1996-cı ildəki 3,5 milyard dollardan 2000-ci ildə 7,8 milyard dollara qədər artmışdır. Ekoloji cəhətdən təmiz məhsullar satışı assosiasiyasının proqnozlarına görə isə, 2003-cü ildə bu rəqəm 11 milyard dollara çatacaqdır. ABŞ-ın kənd təsərrüfatı bütövlükdə durğunluq vəziyyətində olanda, təbii ərzaq məhsulları istehsalının həcmi ildə sabit olaraq 20 faiz artır.
Bu yolla alınan məhsullar adi məhsullardan baha olsa da, onların istehlak səviyyəsi get-gedə artır. Lakin indiyə qədər istehlakçılar malların üstündəki etiketlərdən çox çətinliklə baş çıxarırdılar. İndi isə qabın üstünə vurulmuş parlaq yaşıl-ağ dairə alıcılara istədikləri məhsulu tez tapmağa imkan verir və belə bir əminlik yaradır ki, bu məhsulu bazara çıxarmış fermerlər kənd təsərrüfatı nazirliyindən keyfiyyət sertifikatı almışlar. Hazırda təxminən 6900 fermerin belə sertifikatı var.
Bu tədbirin tərəfdarlarının fikrincə, indən belə təbii məhsul alıcıları onların keyfiyyətindən və gen mühəndisliyi üsulu ilə alınmış məhsuldan istifadənin hələlik anlaşılmaz fəsadlarından narahat olmaya bilərlər. Ekoloqların fikrincə, bu tədbir atmosferin, su mənbələrinin və torpağın kimyəvi və üzvi maddələrlə çirklənməsinin azaldılmasına müsbət təsir göstərəcəkdir. Bunun tibbi baxımdan da əhçəmiyyəti vardır. Tədqiqatların nəticələri göstərmişdir ki, heyvanların və quşların yeminə daim antibiotiklərin və böyüməni sürətləndirən hormonların əlavə edilməsi elə bakteriyaların inkişafına səbəb olur ki, insanların müalicəsində istifadə olunan antibiotiklər bunlara təsir etmir.