“Technest Community”nin növbəti görüşü 50-dən çox IT həvəskarını bir araya gətirib
Bakı, 4 noyabr, AZƏRTAC
“Technest Community”nin növbəti görüşü 50-dən çox IT həvəskarını bir araya gətirib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə “Skillwill” Azərbaycan və Gürcüstan filiallarının rəhbərləri qonaq qismində çıxış ediblər.
“Skillwill” Azərbaycanın rəhbəri Səbinə Əmiraslan təqdimat edərək təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. “Skillwill Georgia”nın rəhbəri Gigi Giorgadze və “Making Science Sweeft” şirkətinin kommersiya üzrə direktoru Teimuraz Maghradze qlobal bazarda IT sektorunda iş imkanları və perspektivli ixtisaslardan bəhs ediblər.
Görüşdə, həmçinin İRİA-nın Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin direktoru Fatimə Ələkbərova “Technest” təqaüd proqramının yeni dalğasının elan edildiyini və 1800-dən çox namizəd üçün təqaüdün nəzərdə tutulduğunu bildirib.
Daha sonra “Technest Community”nin üzvləri ilə IT sahəsindəki mövzular ətrafında olduqca maraqlı fikir mübadiləsi aparılıb və gənclərə karyera seçimində dəyərli məsləhətlər verilib.