Tədqiqatçı alim Hacı Soltan Əlizadənin 60 illik yubileyi qeyd edilib
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi və Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Qafqaz Müsəlmanlar İdarəsinin Xəzər rayonu üzrə qazisi, Yazıçılar və Jurnalistlər birliyinin üzvü, tədqiqatçı alim Hacı Soltan Əlizadənin 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yubilyarın ömür yolu və yaradıcılığını əks etdirən qısa film nümayiş olunub.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək yubilyara ürək sözlərini çatdıraraq onu təbrik edib.
Akademik Vasim Məmmədəliyev Hacı Soltanın elmə, təhsilə qiymət verən biri olduğunu vurğulayıb: “Buzovna kəndi qədim kənddir. Burdan böyük insanlar, riyaziyyatçılar, tarixçilər, alimlər çıxıb. Soltan bunları özündə birləşdirən adamdır. Onun çoxşaxəli fəaliyyəti bunu deməyə əsas verir”.
Tədqiqatçı alimi mərifət dəryasında üzən arifə bənzədən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib: “İlk dəfədir ki, qəlbən mənə yaxın olan Buzovna kəndində bu qədər buzovnalının qarşısında dayanmışam. Bu gün əslində bayram günüdür və yalnız bura toplaşanların bayramı deyil. Çünki Soltan Əlizadə işığı Azərbaycan boydadır. Bu gün Azərbaycanın maarifpərvər insanının, işıqlı bir ziyalısının bayramıdır”.
Yubilyarın işıq üzü görən otuz kitabından iyirmi beşinin ilk oxucusu olduğunu vurğulayan filologiya elmləri doktoru Asif Rüstəmli bildirib ki, bu kitabların hər biri oxucularının stolüstü kitabıdır. Onu zəngin mənəviyyata malik bir insan olduğunu qeyd edən filoloq səbəbkarı ədəbiyyatda göstərdiyi xidmətlərə görə türk dünyasının beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edib.
AYB-in Xəzər bölməsinin sədri Arif Buzovnalı S.Əlizadəni bir tədqiqatçı, ədəbiyyatçı, səyyah, şair, həkim, idmançı və ilahiyyatçı olduğunu söyləyərək onu təmsil etdiyi təşkilat adından ədəbiyyatdakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edib.
“Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov yubilyarı təbrik edərək onu “Qızıl ürək” ordeni təqdim edib. Qeyd etdi ki, Soltan Əlizadə bu ordeni alan ikinci azərbaycanlıdır.
Ədəbi-bədii gecədə Əməkdar rəssam Rafael Muradov, filologiya elmləri doktoru Firudin Qurbansoy, Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov, 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva və başqaları yubilyarı təbrik edərək yaradıcılıq uğurları arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib.