TEHRANDA XƏZƏRYANI DÖVLƏT BAŞÇILARININ İKİNCİ ZİRVƏ TOPLANTISI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 16-da Tehranda, “Sədabad” sarayının “Hafiziyyə” korpusunda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısı işə başlamışdır.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirdilər.
Əvvəlcə Qurandan ayə oxundu.
Toplantını İran Prezidenti Mahmud Əhmədinejad açaraq, dövlət başçılarını salamladı, 2002-ci ildə keçirilmiş birinci zirvə görüşündən ötən dövrdə dünyasını dəyişmiş Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkmənistan Prezidenti Saparmurad Niyazovun xatirələrinin yad olunmasını təklif etdi.
İlk zirvə görüşündən keçən müddətdə sahilyanı dövlətlər arasında aparılmış danışıqların faydalı olduğunu vurğulayan İran Prezidenti dedi ki, xalqlarımız bu danışıqların bəhrəsini gözləyirlər. Ötən illər ərzində bir çox məsələlər barədə tam razılıq əldə olunmuşdur, lakin Xəzərin statusu ilə bağlı mühüm məqamlar haqqında danışıqlar davam edir.
Danışıqların və məsləhətləşmələrin nəticələrinin getdikcə nikbinlik doğurduğunu vurğulayan Prezident Əhmədinejad əvvəlcədən müəyyən olunmuş qrafik əsasında dövlət başçılarının və xarici işlər nazirlərinin görüşlərinin müntəzəm keçirilməsini təklif etdi.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.
Daha sonra söz Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə verildi. O dedi ki, bu toplantı əməkdaşlıq üçün yeni mərhələ açır. Qarşılıqlı etimad, səmərəli əməkdaşlıq, möhkəm iradə nümayiş etdirmək üçün bütün tərəflərin marağına uyğun şəkildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə nail olunmalıdır. Eyni zamanda Xəzərin ekoloji problemlərinin həllinə, balıq ovuna və digər sahələrə dair beştərəfli sazişlərin imzalanmasına və mövcud sənədlərə yenidən baxılmasına zərurət yaranmışdır. N.Nazarbayev xüsusi vurğuladı ki, vaxtilə İran ilə SSRİ arasında müqaviləyə əsasən Xəzər dənizi bölünsə də, hazırda beş müstəqil dövlət var. İndiyədək nərə balığı ovu ilə bağlı İran tərəfinə 45 faiz, Rusiya tərəfinə 27 faiz, Azərbaycan, Qazaxıstan və Türkmənistana isə birlikdə cəmi 28 faiz kvota ayrılır. Bu isə bir növ ədalətsizlik yaradır. Qazaxıstan Prezidenti Xəzərdə təhlükəsizliyin qorunması üçün beş dövlətin iştirakı ilə hərbi qüvvələrin yaradılmasına da ehtiyac olduğunu bildirdi.
Sonra Rusiya Prezidenti Vladimir Putin çıxış etdi. Rusiyanın bu formatda dialoqun daimi əsasda davam etdirilməsinə həmişə tərəfdar olduğunu bildirən Prezident V.Putin zirvə görüşündə qəbul ediləcək yekun Bəyannaməsinin böyük əhəmiyyəti olacağını vurğuladı. O dedi ki, bu formatda görüşlər Xəzərin problemlərinin həllinə nail olacağımıza ümid verir və ən əsası isə, bu, səmərəli əməkdaşlığın və tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açacaqdır. Rusiya Xəzər dənizinin bizi ayırmasının deyil, birləşdirməsinin tərəfdarıdır. Rusiya Prezidenti xüsusi vurğuladı ki, Xəzərin ekologiyasının qorunması ilə bağlı onun fikirləri Azərbaycan Prezidentinin fikirləri ilə tam üst-üstə düşür və bu mövqeyi dəstəkləyir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında sammitin əhəmiyyətini vurğulayaraq, Xəzər dənizinin sektorlara bölünməsinin, gələcəkdə bütün sahələri əhatə edəcək sənədlərin hazırlanmasının bütün tərəflər üçün əhəmiyyətli olacağını bildirdi.
X X X
Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısının açılış mərasimi başa çatdıqdan sonra prezidentlər birgə fotoşəkil çəkdirdilər.
Sonra zirvə toplantısı qapalı iclasla davam etdirildi.
Qapalı iclas başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov 25 bənddən ibarət Tehran Bəyannaməsini imzaladılar.
Bildirildi ki, 2002-ci ildə Aşqabadda birinci zirvə toplantısında heç bir sənəd qəbul edilməmişdi. Tehran görüşündə ilk sənəd qəbul olunur ki, bu da əməkdaşlığın genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyacaqdır.
Sonra İran, Qazaxıstan və Türkmənistan arasında dəmir yolu xəttinin tikilməsinə dair razılaşma sənədi imzalandı. Bu sənədi hər üç ölkənin prezidentləri imzaladılar.
Daha sonra prezidentlərin iştirakı ilə mətbuat konfransı oldu.
Konfransı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad açdı. O, zirvə toplantısının yekunundan danışaraq bildirdi ki, əməkdaşlığımız üçün çox böyük əhəmiyyəti olan bu sənədin ilk dəfə beş ölkənin prezidentləri tərəfindən imzalanması qonşu dövlətlər arasında qarşılıqlı əlaqələri daha da genişləndirəcəkdir. M.Əhmədinejad dedi ki, gələn ilin yayında Rusiyada Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığına dair konfrans keçiriləcəkdir. Konfransa qədər təşkilati məsələlər və iqtisadi xarakter daşıyan sənədlər üzərində iş gedəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə toplantısının gələn ilin oktyabrında Bakıda keçirilməsi qərara alınmışdır. O vaxta qədər Xəzər dənizində gəmilərin milli bayraqlar altında üzməsi haqqında sənəd hazırlanacaqdır. İran Prezidenti bildirdi ki, indən belə ildə iki dəfə - altı aydan bir Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin, ildə bir dəfə isə dövlət başçılarının görüşləri keçiriləcəkdir.
İran Prezidenti aparılan səmərəli müzakirələrə görə dövlət başçılarına təşəkkürünü bildirdi və dedi ki, onlar bu görüşün təşkilində mühüm rol oynamışlar. Xəzər dənizi güclü əməkdaşlıq, sülh, əmin-amanlıq məqsədləri üçün istifadə olunmalıdır.
M.Əhmədinejad İranın nüvə proqramı barədə də danışaraq dedi ki, biz bu işləri MAQATE ilə əməkdaşlıqda həyata keçiririk.
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
Prezident İlham Əliyev zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə İran Prezidentinə təşəkkür edərək dedi ki, müzakirələr anlaşma şəraitində keçdi. İmzalanan Bəyannamədə hər bir məsələ öz əksini tapmışdır və Azərbaycan “Şimal-Cənub” dəhlizinə böyük maraq göstərir.
Digər prezidentlər də bu sənədin əhəmiyyətindən danışaraq, gələcəkdə Xəzər dənizindən təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün istifadənin zəruriliyini vurğuladılar, Tehran Bəyannaməsinin məsələlərin konsensus əsasında həllində baza rolunu oynayacağını bildirdilər.
Mətbuat konfransından sonra İran Prezidenti Mahmud Əhmədinejadın adından dövlət başçılarının şərəfinə rəsmi nahar verildi.