Təhsil Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna yeri və rolundan danışıb.
Direktor Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə şərəfli iz qoyduğunu qeyd edən S.Xanlarova bildirib ki, Cümhuriyyət milli təhsil sistemimizin qurulmasına mühüm töhfələr verib. Elm və təhsilimizin inkişafında müstəsna rolu olan indiki Bakı Dövlət Universiteti Cümhuriyyət dövründə yaradılıb.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan direktor müasir müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.
Tədbirdə məktəblilər Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.