Təhsil müəssisəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Yevlax rayonunun Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla 2019-cu il martın 4-dən 2022-ci il noyabrın 10-dək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əmək haqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Əsədova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.