TƏHSİL NAZİRİNİN STRASBURQDA İŞGÜZAR GÖRÜŞLƏRİ
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Şurasının baş katibi Valter Şvimmerin dəvəti ilə təhsil naziri Misir Mərdanov aprelin 14-15-də Strasburqda, bu beynəlxalq qurumda bir sıra görüşlər keçirmişdir.
Səfərin ilk günü baş katiblə görüşən nazir ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş, bu sahədə Avropa Şurası ilə respublikamız arasında əməkdaşlıq proqramlarına dair fikir mübadiləsi aparmış, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan təhsilinə dəymiş maddi-mənəvi ziyan haqqında danışmışdır. Nazir regional əməkdaşlığı əngəlləyən amillərin aradan qaldırılmasına AŞ tərəfindən xüsusi diqqət yetirilməsini xahiş etmişdir.
Baş katib Avropa Şurası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndirmiş, eyni zamanda AŞ-nin əməkdaşlıq və yardım proqramlarının davam etdirilməsini vacib sayaraq, ölkəmizdə qəbul olunacaq yeni təhsil qanununun Avropa standartlarına uyğunlaşdırılmasını, bölgədə mövcud münaqişələrin regional əməkdaşlığa mənfi təsirini qeyd edərək, problemlərin sülh yolu ilə tezliklə həll olunmasını zəruri saymışdır.
Siyasi məsələlər üzrə direktor Klaus Şumanla nazirin görüşündə tərəflər Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsinin siyasi əhəmiyyətini vurğulayaraq, AŞ-nin təhsil sahəsində bir sıra layihələrin Cənubi Qafqaz bölgəsində tətbiq olunmasının zəruriyyətini qeyd etmişlər. M.Mərdanov qaçqın və məcburi köçkünlərin təhsili ilə əlaqədar mövcud çətinliklər və çadır şəhərciklərində fəaliyyət göstərən məktəblərin problemlərindən ətraflı məlumat verərək Azərbaycan Prezidenti və hökumətinin bu problemin həlli istiqamətində atdıqları konkret addımlara toxunmuşdur.
Təhsil naziri Avropa Şurası və bu qurumun Parlament Assambleyasının digər məsul əməkdaşları ilə keçirdiyi çoxsaylı görüşlərdə əməkdaşlıq və yardım proqramlarına dair konkret təkliflər vermiş, milli azlıqlar və təhsil, mədəni irsin qorunması, təhsilin keyfiyyətinin təmin olunması və tarixin tədris edilməsi kimi layihələrə öz münasibətini bildirmişdir. Parlament Assambleyasının nümayədələri ilə görüş zamanı nazir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin apardığı işin əhəmiyyətini yüksək qiymətləndirmiş, deputat Əli Abbasovun hazırladığı “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti” adlı məruzəsinə toxunmuş və onun bu sahədə ilk real addım olduğunu bildirmişdir. Eyni zamanda, təhsil naziri AŞ katibliyinin gənclərlə bağlı qurumun əməkdaşları ilə görüşmüş və maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparmışdır.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev görüşlərdə iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris