TƏHSİL NAZİRLİYİ 22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Təhsil Nazirliyi 22 iyul - Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirmişdir.
Təhsil işçilərinin, tanınmış alimlərin, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin təhsilimizə və mətbuatımıza daim böyük diqqət və qayğı göstərdiyini vurğulamış, müdrik rəhbərimizin nurlu ideyalarının ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin təhsilimizin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edən nazir, eyni zamanda, bu sahədə həyata keçirilən tədbirlərin uğurlu nəticələrini diqqətə çatdırmış, respublikamızda müasir tələblərə cavab verən məktəb binalarının tikilərək istifadəyə verildiyini, təhsil ocaqlarında tədris şəraitinin daha da yaxşılaşdırıldığını söyləmişdir.
Cəmiyyətin tərəqqisində, demokratiyanın inkişafında, ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin müstəsna rolunu vurğulayan M.Mərdanov KİV-lərdə təhsil sahəsinin də geniş işıqlandırıldığını bildirmiş və əlamətdar gün münasibətilə jurnalistləri təbrik etmişdir.
AMEA-nın müxbir üzvü Vaqif Abbasov, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Slavyan Universitetinin rektoru, Mətbuat Şurasının üzvü Kamal Abdullayev və başqaları milli mətbuatımızın inkişaf mərhələlərindən danışmış, jurnalistlərə göstərdiyi diqqətə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Təhsil sahəsində həyata keçirilən tədbirləri obyektiv və peşəkarlıqla işıqlandırdığına görə kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın əməkdaşı Təhsil Nazirliyinin xüsusi mükafatlarına layiq görülmüşdür.
######
![]() |
![]() |
![]() |


