TƏHSİL NAZİRLİYİNDƏ AZƏRBAYCAN TELEVİZİYASI İLƏ BİRGƏ YENİ DƏRS İLİ ÜÇÜN LAYİHƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyində “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ilə görüş keçirilmışdır.
Tanışlıq xarakteri daşıyan görüşdə nazirliklə Azərbaycan Televiziyası arasında həyata keçiriləcək birgə layihələr müzakirə olunmuşdur.
Nazir Misir Mərdanov, ilk növbədə, diqqəti yeni təhsil ilində qarşıda duran vəzifələrə yönəltmişdir. Bildirmişdir ki, yeni məktəb binalarının tikilməsi, mövcud olanların təmiri, maddi-texniki bazanın gücləndirilməsi prioritet sahələrdir. Hazırda nazirlik bir sıra layihələr həyata keçirir. Bununla əlaqədar, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə silsilə materiallar və verilişlər hazırlamaq olar. Nazir istiqamətləri də açıqlamışdır. Bura 100 ən yaxşı müəllim və 50 ən yaxşı məktəbin seçilməsi, dərs vəsaitlərinin hazırlanması, yeni dərsliklərin məktəblərə pulsuz paylanması, məktəblərin kompyuterləşdirilməsi, şagirdlərin biliklərinin qiymətləndirilməsi, peşə təhsili və məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı proqramı, istedadlı gənclərin üzə çıxarılması, Boloniya sisteminə qoşulma proqramı, xaricdə təhsillə bağlı dövlət proqramı, ucqar kənd məktəblərinin ixtisaslı müəllimlərlə təmin olunması və digər layihələr daxildir.
Azərbaycan Televiziyasının əməkdaşları vurğulamışlar ki, televiziya təhsil sahəsi ilə bağlı ənənəvi verilişlərin təqdimatını həmişə xüsusi diqqətdə saxlamışdır və yeni tədris ilində nazirliyin müəyyən etdiyi əsas istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsinə hazırdır.