TƏHSİL NAZİRLİYİNDƏ MƏKTƏB DİREKTORLARININ İŞTİRAKI İLƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərinin XI siniflərində keçirilən sınaq imtahanlarının nəticələrinin müzakirə olunduğu həmin müşavirədə nazir Misir Mərdanov şagirdlərin biliyinin düzgün və ədalətli qiymətləndirilməsinin vacibliyini vurğulamış, bu sahədə görülən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, ötən il ölkəmizin iki rayonunda-İmişli və Bakının Xətai rayonlarında məktəblilərin biliyinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə qiymətləndirilməsinə başlanmışdır. Bu il həmin eksperiment Səbail rayonunun və Sumqayıtın məktəblərini də əhatə edəcəkdir.
Nazir bildirmişdir ki, müvafiq işi daha da təkmilləşdirmək məqsədi ilə yeni dərs ilində Səbail və Xətai rayonlarında bir neçə sınaq imtahanları keçirilmişdir. Lakin imtahanların nəticələrinin təhlili bu sahədə bəzi nöqsanlara yol verildiyini aşkara çıxarmışdır.
M. Mərdanov nöqsanların aradan qaldırılması və imtahanların daha mütəşəkkil keçirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Müşavirədə çıxış edən məktəb direktorları mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən imtahanlarla bağlı rəy və təkliflərini bildirmişlər.