Təhsil Nazirliyinin akkreditasiya prosesinə dair təlimləri yekunlaşıb
Bakı, 29 may, AZƏRTAC
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları tərəfindən akkreditasiya prosesinə dair keçirilən təlimlər başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlər 2018-2019-cu tədris ilində akkreditasiyası keçiriləcək orta ixtisas təhsili müəssisələrinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) regionlardakı filiallarının əməkdaşlarına akkreditasiya prosesinin bir hissəsi olaraq özünütəhlil hesabatlarının hazırlanmasına dəstək məqsədilə keçirilib.
Təlimlərdə təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin səmərəli təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub və akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah edilib.
Təlimlərdə ADPU-nun Şamaxı, Şəki, Cəlilabad, Ağcabədi, Quba filialları, habelə universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Göyçay İdarəetmə və Texnologiya Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı İdarəetmə və Texnologiya Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci, Tovuz Dövlət Sosial İqtisadi Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci və Sabirabad Dövlət Sosial İqtisadi Kollecindən nümayəndələr iştirak ediblər.
Təlim iştirakçıları akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu bildirərək təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.