Tələbə adını qazanan ağdamlı məzunlar mükafatlandırılıblar
Ağdam, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 736-sı tələbə adını qazanıb. Gənclərdən 53-ü 500-600 arası, 17-si isə 600-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində 2022-2023-cü tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər.
Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Ağalar Vəliyev və digər çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Tədbirin sonunda bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər mükafatlandırılıb.