Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Prezident Fərmanının icrası üçün ciddi hazırlıq işləri aparır
Bakı, 23 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası üçün ciddi hazırlıq işləri aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında qurumun sədri Məleykə Abbaszadə məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin 19 aprel 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilərək, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə edilmişdir.
Prezident Fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq qurumun aparatında müvafiq tədbirlərin reallaşdırıldığını qeyd edən M.Abbaszadə diqqətə çatdırmışdır ki, bu ildən etibarən respublikanın bütün (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aparılacaqdır. Buraxılış imtahanları iyunda bütün şəhər və rayonlarda keçiriləcəkdir.
Qeyd olunmuşdur ki, ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən aparılacaqdır. İmtahan 2 saat müddətində keçiriləcək, hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaqdır. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər.
Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaqdır.
Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar mayda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.
Buraxılış imtahanları ilə bağlı TQDK-nın tədbirlər planında müəyyən dəyişikliklər edildiyini deyən M.Abbaszadə bildirmişdir ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün iyunun 3-də və 10-da keçirilməsi nəzərdə tutulmuş sınaq imtahanları hələlik təxirə salınır. Bundan əlavə, müvafiq qəbul imtahanlarının elan olunmuş keçirilmə ardıcıllığı saxlanılsa da, vaxtları dəyişdirilmişdir. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcəkdir. İyulun 14-də I, 20-də IV, 27-də isə II ixtisas qrupları üzrə qəbul imtahanlarının aparılması nəzərdə tutulur. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişikliklər olacaqdır. Bununla bağlı əlavə məlumat yaxın vaxtlarda elan ediləcəkdir.
TQDK buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə, onların valideynlərinə müraciət edərək bəzi işbazların onların etibarından istifadə etmələrinə, əsassız vədlər verməsinə inanmamağa çağırır. Diqqətə çatdırılır ki, istənilən şəxsin imtahan nəticələrinə müdaxilə etməsi texnoloji cəhətdən mümkün deyildir və belə hərəkətlər dələduzluq kimi qiymətləndiriləcəkdir.
TQDK-nın mövcud qanunvericilik çərçivəsində göstərdiyi fəaliyyət cəmiyyətimiz üçün əhəmiyyət kəsb edir.
Konfransda M.Abbaszadə jurnalistləri maraqlandıran suallara cavab vermişdir.