TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI QƏBUL İMTAHANLARININ VAXTINI AÇIQLAMIŞDIR
Bakı, 5 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının günləri təyin edilmişdir.
TQDK-dan bildirmişlər ki, III ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanı iyulun 5-də, I ixtisas qrupu üzrə mülki ali məktəblərə, Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın-Texniki Məktəbinə qəbul imtahanı iyulun 12-də, IV ixtisas qrupu üzrə mülki ali məktəblərə, Hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı iyulun 18-də, II ixtisas qrupu üzrə mülki ali məktəblərə, Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanı isə iyulun 24-də keçiriləcəkdir.
Abituriyentlər təyin olunacaq vaxtda “İmtahana buraxılış vərəqəsi”ni “Elektron ərizə”lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyalarından (SQK) alacaqlar.
Orta məktəblərin builki məzunları attestat aldıqdan dərhal sonra mütləq internet vasitəsilə “Elektron ərizə”lərinə daxil olub attestat qiymətlərini daxil etməlidirlər.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni almaq üçün Sənəd Qəbulu Komissiyasına şəxsiyyət vəsiqəsini, ödəmə kartını və SQK tərəfindən təsdiq olunmuş “Elektron ərizəsi”nin kağız formasını təqdim etməlidirlər.
Cari ilin məzunları qeyd olunan sənədlərlə yanaşı, “İmtahana buraxılış vərəqəsi”ni almaq üçün Sənəd Qəbulu Komissiyasına orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməlidirlər. Orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməyən builki məzunlara “İmtahana buraxılış vərəqəsi” verilməyəcəkdir.
Rus bölməsi abituriyentlərinin Azərbaycan dili fənni üzrə növbəti imtahanı iyunun 21-də keçiriləcəkdir. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni iyunun 18-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap etməlidirlər.
Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 21-də keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün bakalavrlar iyunun 18-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.