ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
TQDK bütün qruplar üzrə bu il imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və onların düzgün cavablarını iyulun son günlərində “Abituriyent” jurnalında dərc edəcək və İnternet səhifəsində yerləşdirəcəkdir. Ali məktəblərə qəbul olunmuş abituriyentlərin siyahısı avqustun ilk ongünlüyündə elan olunacaqdır.
İmtahanın nəticələri elan olunduqdan sonra, təhsil formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent lazımi sənədləri 10 gün müddətində daxil olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Əks halda, o, ali məktəbə qəbul olunmur.
Qəbul olunmayan abituriyentlər öz imtahan nəticələri barədə arayışları bilavasitə sənəd verdikləri komissiyalardan ala bilərlər.
Qəbul olunmuş abituriyentlərin siyahısı dərc edilən “Abituriyent” jurnalında apellyasiya komissiyalarının fəaliyyət müddəti və yeri haqqında məlumat veriləcəkdir.
Nəticələr elan olunduqdan sonra boş qalan yerlərə əlavə yerləşdirmə aparıla bilər. Bu halda əlavə yerləşdirmənin müsabiqə şərtləri və boş yerlərin siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, mövcud qəbul qaydalarına əsasən, bir ali məktəbdən başqasına köçürülmək, təhsil formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərə baxılmır. Tələbə qəbulunda əhalinin heç bir təbəqəsinə güzəşt edilmir. Bütün abituriyentlər eyni hüquqlara malikdirlər.
Qəbulla bağlı məlumatları TQDK-nın İnternet saytından da (tqdk.gov.az) öyrənmək olar.