TEMATİK ƏLAVƏ
AZƏRBAYCAN
TEMATİK ƏLAVƏ
AZƏRBAYCAN
Materiallar Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır
Oqtay ŞİRƏLİYEV, Azərbaycanın səhiyyə naziri:
“DÖVLƏT ÜÇÜN XALQIN SAĞLAMLIĞININ QORUNMASINDAN
VACİB VƏZİFƏ YOXDUR”
Keçən ilin oktyabrında Azərbaycanın Səhiyyə Nazirliyində rəhbərlik dəyişdirildi. Nazirliyə tibb elmləri doktoru, professor Oqtay Kazım oğlu Şirəliyev başçılıq etdi. Bundan əvvəl o, on yeddi il Respublika diaqnostika mərkəzinin direktoru olmuşdur. Yeni nazirin işləri necə gedir? Ötən üç ayda nə kimi işlər görüb və gələcək üçün hansı ideyalar üzərində düşünür? Cənab Şirəliyevin bu və digər suallara cavablarını “İzvestiya”nın oxucularına təqdim edirik.
Oleq SIQANOV
Şamil MƏCİDOV
- Siz artıq təxminən yüz gündür Səhiyyə Nazirliyinə rəhbərlik edirsiniz. Məlumdur ki, bu, əlamətdar müddətdir və yeni təyin olunmuş şəxslər bu müddətin bitməsinə yaxın ilk hesabat verirlər. Siz Azərbaycanın səhiyyə naziri vəzifəsində ilk yüz gününüzü necə qiymətləndirərdiniz?
- Ümumiyyətlə, öyünməli elə bir şey yoxdur, lakin müəyyən işlər görmüşük. Əvvəla, tibbi xidmətlərin haqqının ödənilməsi ilə bağlı mövcud vəziyyəti aydınlaşdırmağa çalışmışıq. Burada, həqiqətən, böyük qarmaqarışıqlıq vardı – eyni bir müalicə müəssisəsində pullu və pulsuz tibbi xidmət göstərilirdi. Nəhayət, müəyyənləşdirdik ki, dövlət nəyi öz üzərinə götürür, xəstələr isə nəyə görə əlavə haqq ödəməlidirlər. Öncül istiqamətləri müəyyənləşdirdik, yəni büdcədən maliyyələşdirmə hesabına ekstren və təcili yardım, stasionar və ilkin ambulator yardımı göstərəcəyik. Uşaq səhiyyəsi və doğuşayardım da bu kateqoriyaya daxil edildi. Zəruri preparat və dərmanların siyahısını da müəyyənləşdirdik – 60 adda dava-dərmanın pulsuz verilməsi tövsiyə olundu.
Bu yeniliklərin konkret şəkildə gerçəkləşdirilməsi üçün Bakının üç iri tibb müəssisəsini tamamilə pulsuz xidmətə keçirdik. Bunlar çoxprofilli böyük uşaq xəstəxanası, Respublika klinik xəstəxanası, habelə 1 nömrəli şəhər xəstəxanasının və təcili yardım xəstəxanasının bazasında yaradılmış Klinik təbabət mərkəzidir. Bu müalicəxanalar zəruri olan hər şeylə təmin olunmuşdur və buraya gələn hər hansı xəstəyə xərci tamamilə dövlət tərəfindən ödənilən müayinələrin və müalicə növlərinin siyahısı təqdim edilir. Bütün bu işlər artıq görülmüşdür.
Doğum evlərində də eynilə belədir. Normal doğum üçün və mümkün patoloji hallar zamanı lazım olan hər şeyi diqqətlə hesablamış və bunların hamısı ilə təmin etmişik. Təcili yardım stansiyalarının da bütün zəruri dava-dərmanla təmin olunması məsələsini qısa müddətdə həll etmişik.
- Az iş görülməyib, lakin yəqin ki, büdcədən yaxşı maliyyələşdirmə, eləcə də kənardan əlavə kömək olmadan iş aşmazdı?
- Bilirsinizmi, mən nazir vəzifəsinə təsdiq olunduqdan az sonra təcrübəli rəhbər işçilərimizdən biri zarafatla məsləhət gördü ki, ilk yarım ildə sən gənc nazir hesab olunursan, odur ki, mümkün qədər çox istə. Sonra isə köhnələr sırasına keçəcəksən və çətin ki, nə isə qopara biləsən. Bilmirəm, bəlkə də belədir, amma elə ilk günlərdən respublika rəhbərliyi tərəfindən bizim sahəyə çox böyük diqqət və həssas münasibət göstərildiyini hiss edirəm.
Əvvəla, büdcədən maliyyələşdirmə kəskin şəkildə artıb – keçənildəkinə nisbətən bu il səhiyyəyə təxminən 30 faiz çox vəsait ayrılıbdır. Bu, daha geniş fəaliyyət göstərməyə imkan verir. Üstəlik, hemodializ alan xəstələrin, şəkərli diabet xəstələrinin və qan xəstəlikləri olanların dərmanlarla təmin edilməsini dövlət öz üzərinə götürdüyü üçün biz xəstələrin bu kateqoriyasının ayrıca maliyyələşdirilməsi barədə məsələ qaldırdıq, Maliyyə Nazirliyinin dəstəyinə zəmanət aldıq, hökumət dörd istiqamət üzrə məsələnin müsbət həll ediləcəyinə söz verdi. Cənab Prezident də bizim təşəbbüsümüzü bəyəndi.
- Mütəxəssislər hesab edirlər ki, regional müalicə-diaqnostika mərkəzləri yaradıldıqdan sonra Azərbaycan səhiyyəsi keyfiyyətcə yeni səviyyəyə çıxacaqdır.
- Bəli, həqiqətən belədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki il ərzində ölkədə 10 belə mərkəz tikiləcək və onlar öz təchizatına görə xaricdəki bu cür ən yaxşı müəssisələrdən geri qalmayacaqdır. Mərkəzlərdən biri artıq Siyəzəndə açılmışdır, Lənkəranda ikincisinin tikintisi mayda başa çatacaq, Bakı yaxınlığında üçüncünün bünövrəsini qoymuşuq. İndi bu mərkəzlər üçün səylə mütəxəssislər hazırlayırıq, bütün səhiyyə sistemi bu mərkəzlərə istiqamətləndiriləcək, sahənin gələcək inkişafı məhz bu qeyri-adi mayaklara əsaslanacaqdır.
- Bəs Heydər Əliyev Fondu sizə necə kömək edir? Mətbuatın xəbərlərinə görə, Fond insanların sağlamlığının qorunması ilə bağlı tez-tez tədbirlər keçirir.
-Heydər Əliyev Fondunun səhiyyə üçün gördüyü bütün işləri lazımınca qiymətləndirmək çətindir. Fondun vəsaiti hesabına imkansız xəstələr üçün bahalı əməliyyatlar və müayinələr aparılır, talassemiya xəstəliyi olan uşaqlar üçün müalicə mərkəzinin tikintisinə pul ayrılıb, südəmər uşaqlar evi üçün avadanlıq, mebel alınıbdır... Daha neçə-neçə tədbirlər görülüb, bu və ya digər xəstəyə konkret olaraq qayğı göstərilibdir. Hamısını sadalaya bilməzsən. Bax, buna görə də Fondun sədri Mehriban xanım Əliyevanın cəmiyyətdə çox yüksək nüfuzu və hörməti var. Hamı bilir ki, o, heç kimdən köməyini əsirgəmir, hamıya, xüsusən də, yoxsullara imkan daxilində yardım göstərməyə çalışır. Özü də, bütün bunlar reklam və təbliğat hay-küyü naminə deyil, səssiz-səmirsiz, sakitcə edilir.
- Büdcə təxsisatı artır, müxtəlif təşkilatlar səhiyyəyə yardım göstərirlər. Bəs bu vəsaitdən səmərəli istifadə edilməsi, necə deyərlər, xərclərin optimallaşdırılması üçün nazirlikdə nə kimi işlər görülür?
- Bu məsələ bizim üçün son dərəcə vacibdir. Nə gizlədəsən, təbabət üçün pul həmişə çatışmır, bu hal təkcə bizdə deyil, bütün ölkələrdə də müşahidə olunur. Odur ki, nə varsa, ondan təsərrüfatçı kimi, səriştə ilə istifadə etmək birinci dərəcəli vəzifədir. Bu baxımdan bəzi məsələləri yenidən nəzərdən keçirmişik.Vəsaiti xırda-para şeylərə nahaqdan dağıtmamaq üçün pulu iri, əhəmiyyətli işlərə yönəltməyi qərara almışıq. Məsələn, hansısa ucqar bir rayonda bir xəstəxananın heç olmasa, 3-5 il normal fəaliyyət göstərməsi üçün onu tamamilə təmir və avadanlıqla tam təchiz etmək bax, bu qəbildəndir. Yoxsa, əvvəllər pulu bütün tibb məntəqələri, irili-xırdalı müalicəxanalar arasında qəpik-quruş kimi bölürdülər ki, bu da ancaq qapı-pəncərələri rəngləməyə kifayət edirdi. Bu cür verilən vəsaitin elə bir xeyri olmurdu.
Yeri gəlmişkən, bu baxımdan onu da nümunəvi hesab etmək olar ki, biz müalicə müəssisələri üçün dərman preparatları alınmasını mərkəzləşdirə bilmişik. Xüsusi xidmət yaratmışıq, o, nəinki birinci əldən topdansatış qiyməti ilə böyük miqdarda tibb preparatları alır, həm də onların keyfiyyətinə nəzarət edir və bölgüsü ilə məşğul olur. Bu, əvvəla, qat-qat ucuz başa gəlir, ikincisi isə, qorxu yoxdur ki, bu dərmanların bir hissəsi apteklərə ötürüləcəkdir, çünki aldığımız preparatlar pərakəndə satış standartları üzrə qablaşdırılmır.
Tibbi avadanlıq aldıqda da təxminən eyni yolla gedəcəyik - imkan daxilində onu adi şəhər xəstəxanaları üçün standartlaşdıracaq, ehtiyat hissələrlə təminatı, servis xidmətini sadələşdirəcəyik. Yoxsa, bəzən xəstəxanada müxtəlif firmaların beş-altı adda eyni cihazı olur. Aydındır ki, aparatları və avadanlığı tamamilə eyniləşdirmək qeyri-mümkündür. Lakin heç olmasa, reanimasiya şöbələri müəyyən standart üzrə təchiz edilməlidir ki, ekstren hallarda qarşılıqlı əvəzləmə mümkün olsun.
- Tibbi kadrların hazırlıq səviyyəsindən razısınızmı? Bu sahədə nə kimi yeniliklər tətbiq ediləcəkdir?
- Əlbəttə ki, tibbi kadrların hazırlığının indiki səviyyəsi bizi razı salmır. Bu günlərdə biz Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə görüşdük, fikir mübadiləsi apardıq, belə qənaətə gəldik ki, beynəlxalq sistemə keçmək vaxtı çatmışdır - əvvəlcə ümumi ailə həkimi, praktik, sonra isə rezident olmalıdır. Bu, tibb sisteminin bütün strukturunda dəyişikliklərə mütləq gətirib çıxaracaqır: tibb müəssisələrinin təşkili formasında hökmən düzəlişlər ediləcəkdir. Biz müvafiq proqram hazırlayırıq, Türkiyə, Estoniya, Ukrayna və Polşadan, Dünya Bankından ekspertlər dəvət etmişik. Səhiyyə sisteminin yenidən təşkilinə dair sənədlər aprelədək hazır olmalıdır, başqa ölkələrdə buraxılmış səhvlərə yol vermək istəmirik. Məsələn, özəl tibbi xidmətlə dövlət tərəfindən göstərilən tibbi xidmət arasında nisbəti düzgün müəyyən etmək lazımdır.
- Bütün ömrü boyu dövlət səhiyyəsi sistemində işləmiş adam kimi, özəl təbabət haqqında sizin rəyinizi öyrənmək istərdik.
-Buna birmənalı cavab ola bilməz. Gözəl avadanlığı, yüksək səviyyəli mütəxəssisləri olan çox yaxşı özəl klinikalar var. Elələri də var ki, onların əməkdaşları özlərini dövlət müəssisələrində də göstərə bilməmişlər. Nəhayət, hər şeyi bazar, işin düzgün təşkili, məharətlə aparılan menecment müəyyən edir. Bu yaxınlarda mən kənd rayonlarından birində oldum və orada açılmış özəl klinikada işin səviyyəsinə yaxşı mənada təəccüb qaldım. Burada müalicə prosesi necə də səriştə ilə təşkil edilib, xidmətlərin haqqı dəqiq göstərilib, gözəl palatalar var, yeməkləri dadlıdır. Bax, bu, tibb biznesində uğurlu menecmentə nümunədir.
- Kadr siyasətini necə qurmaq niyyətindəsiniz? Rayon xəstəxanasına hətta sıravi həkim təyin edilərkən də əvvəlki kimi sərt mərkəzləşdirmə olacaqmı?
- Kadr siyasətinə yanaşma köklü surətdə dəyişdirilibdir. Nazirlikdən heç bir təyinat olmayacaqdır. Nazirliyin nomenklaturasında cəmi 8-10 iri xəstəxana, elmi tədqiqat institutları qalıb, qalanların hamısını aidiyyəti üzrə vermişik. Qoy, həkimlərin təyin edilməsi məsələsi ilə şəhər, rayon səhiyyə şöbələrinin özləri məşğul olsunlar. Yeri gəlmişkən, biz həkimlər üçün xüsusi testlər hazırlamışıq, onlar yalnız test imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra işə qəbul ediləcəklər.
- Müalicəxanalarda pul qoparılması və rüşvət alınması barədə şikayətlər hələ də çoxdur. Siz səhiyyədə korrupsiya ilə necə mübarizə aparmaq fikrindəsiniz?
- Bəli, çox təəssüflər olsun ki, belə hallar var və bəziləri bunu onunla izah etməyə çalışırlar ki, həkimlərin məvacibi olduqca azdır. Əvvəla, bu, istənilən halda cinayətdir və ona heç cür haqq qazandırmaq olmaz. İkincisi, son illər tibb işçilərinin əmək haqqı müntəzəm olaraq qaldırılır. Üçüncüsü, özəl təbabətin imkanları var, yaxşı mütəxəssis özünün əsas işi ilə yanaşı, özəl praktika ilə də arxayınca məşğul ola bilər. Nəhayət, pullu xidmətlər göstərilən dövlət müalicəxanalarında tibb işçilərinin maaşına sanballı artım əlavə edilir. Odur ki, rüşvətxorlar üçün “bəraətverici” amillər dairəsi nəzərəçarpacaq dərəcədə daralmışdır və biz bu istiqamətdə məqsədyönlü iş aparacağıq. Hər halda, bir məsələdə əmin edə bilərəm ki, heç bir belə fakt cəzasız qalmayacaqdır.
- Dünya “quş qripi” təhlükəsi sarıdan çox narahatdır. Azərbaycanın Səhiyyə Nazirliyi bu təhlükə ilə əlaqədar hansı tədbirləri görür?
- Hələlik ki, Allah rəhm edib, bu xəstəlik bizə gəlib çıxmayıb və ümidvaram ki, gəlib çıxmayacaq da. Buna baxmayaraq, ölkənin bütün əlaqədar idarələrində, o cümlədən də bizdə bir nömrəli hazırlıq vəziyyəti elan edilmişdir. Bir neçə ixtisaslaşdırılmış xəstəxana ayırmışıq, kifayət qədər qoruyucu kostyum, respirator, preparat və dezinfeksiya ehtiyatı görmüşük. Mütəxəssislərimiz müntəzəm surətdə quşçuluq fermalarına gedir, şəxsi həyətlərdəki ev quşlarının vəziyyəti barədə məlumat toplayırlar. Lakin biz əsas təhlükəni yazda, quşların geriyə uçuşu dövründə gözləyirik. “Quş qripi”nə qarşı mübarizəyə hazırlığımızın səviyyəsi də onda özünü göstərəcəkdir.
- Azərbaycan həkimlərinin xarici həkimlərlə, o cümlədən rusiyalı həmkarlarla əlaqələri nə dərəcədə səmərəlidir? Söhbət dövlətlərarası səviyyədə əlaqələrdən gedir.
- Açığını deyim ki, son illər əlaqələr, xüsusən də, beynəlxalq təşkilatlarla əlaqələr nəzərəçarpacaq dərəcədə zəifləmişdir. İş o yerə çatıb ki, onların çoxu ölkəmizdəki nümayəndəliklərinin işini dayandırmağa hazırlaşırdı. İndi biz bu əlaqələri bərpa edirik. Rusiyalı həmkarlarımıza gəldikdə, onlarla indiyədək də çox sıx əlaqələrimiz var. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ sovet dövründə bu əlaqələrin yaranması və inkişafı üçün çox işlər görmüşdü. 1990-cı illərdə gənc alimlərimizin bir çoxu Moskva və Leninqradın əsas tibb mərkəzlərində staj keçmiş, orada dissertasiya müdafiə etmişdir. Münasibətlərimiz bu gün də yaxşıdır - Moskva Şəhər Səhiyyə İdarəsi ilə razılığa əsasən, xəstələri Rusiya paytaxtına pulsuz müalicə olunmağa göndəririk, orada onları yaxşı qəbul edirlər. Mütəxəssislərimiz yenə də Moskvanın elmi tədqiqat institutlarına gedir, orada elmi işlər aparırlar. Bu əlaqələr bizim üçün çox əhəmiyyətlidir və əminəm ki, davam etdiriləcək və daha da möhkəmləndiriləcəkdir.
GENEFONDUN MÜDAFİƏÇİLƏRİ
Tətbiqi təbabət ölkənin səhiyyə sistemində ön plana keçir. Bu sistemdə 10-dan çox elmi tədqiqat institutu fəaliyyət göstərir. Hazırda Azərbaycanda tibb elmi daha çox yayılmış xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin yeni metodlarının, insanın fəal həyat dövrü müddətinin uzadılması, tibbi yardımın və bu sahənin idarə olunmasının yeni sxemlərinin işlənib hazırlanması kimi daha real və konkret vəzifələri yerinə yetirir.
İradə HƏSƏNOVA
Respublika Mamalıq və Ginekologiya ETİ-nin ana və uşaqların mühafizəsi kimi sosial əhəmiyyətli sahədə rolu çox böyükdür. Elmi-klinik mərkəzin 20 yaşı tamam olur. O, Azərbaycanda millətin genefondunun sağlamlığının təmin olunması strategiyasını müəyyən edir desək, heç də yanılmarıq. Yubiley görülmüş işlər barədə danışmaq üçün yaxşı səbəb olsa da, institutun direktoru, tibb elmləri namizədi Faizə Əliyevanın yubiley təntənələri keçirməyə vaxtı yoxdur.
Mamalıq və Ginekologiya İnstitutu hələ hamiləlik dövründə dölün xəstəliklərinin diaqnostikası, ana bətnindəki infeksiyaların terapiyasının səmərəli metodikaları sahəsində nailiyyətləri ilə şöhrət tapmışdır. ETİ klinikasında uşaq və ana ölümünün faizi, demək olar ki, sıfıra endirilmişdir. Burada 3 elmlər doktoru, 10 elmlər namizədi çalışır. Ötən illər ərzində perinatal diaqnostika, farmakogenetika, müasir perinatal texnologiyaların hazırlanması sahəsində tədqiqatlar aparılmışdır.
İlk dəfə olaraq çağalarda mərkəzi sinir sisteminin diferensial diaqnostikası və klinik-neyro-elektro-fizioloji meyarları işlənib hazırlanmış, infeksiyaya yoluxmuş körpələrin bu qrupunu səciyyələndirən risk amilləri, diferensial əlamətlər müəyyən edilmişdir.
Azərbaycanda 33 qadın məsləhətxanası, 35 ailə planlaşdırması və reproduksiya mərkəzi, 42 mama-ginekologiya kabineti ambulator-poliklinika mamalıq yardımı göstərir. Eyni zamanda, 53 kabinetdə qadınlar profilaktik müayinədən keçirlər. Çoxprofilli poliklinikaların uşaq bölmələrində və 38 müstəqil uşaq poliklinikasında çağalara tibbi yardım, müxtəlif səviyyəli xəstəxanaların 143 doğum bölməsində, habelə 26 müstəqil doğum evində stasionar mamalıq yardımı və neopatoloji yardım göstərilir.
Ancaq biz ETİ-yə, daha doğrusu, burada yaxın perspektivdə öncül elan olunmuş istiqamətlərə qayıdaq. Bu, hamiləliyin başa çatdırılmadığı hallarda səmərəli müalicə-diaqnostika texnologiyalarının işlənib hazırlanması və tətbiqidir.
Doktor Əliyeva realistdir və gözəl başa düşür ki, bazar iqtisadiyyatı şəraitində elm qazana bilməlidir və qazanmalıdır. Tibb elminə isə daha çox ehtiyac var. Odur ki, institutda inkişaf taktikası müəyyən edilmiş, maliyyə vəsaitinin cəlb edilməsi üçün əlavə mənbələr tapılmışdır. Bu, ilk növbədə, Ekstrakorporal Mayalama Mərkəzinin (EKM) instituta birləşdirilməsidir. Yeri gəlmişkən, Faizə xanım özünün təşəbbüsü olan mərkəzin yaradılmasına əcnəbi mütəxəssisləri də cəlb edə bilmişdir. Bütün ölkələrdə EKM kommersiya proqramıdır. Heç yerdə ekstrakorporal mayalamanı pulsuz etmirlər. Bakıdakı mərkəzdə bu proseduranın qiyməti 2,5 min dollardır. Bu, süni mayalama prosedurasında bahalı dərmanlardan və birdəfəlik alətlərdən, məsələn, 50 avro dəyərində xüsusi birdəfəlik iynələrdən istifadə edilməsi ilə izah olunur. Müqayisə üçün deyək ki, Almaniyada süni mayalamanın qiyməti 7 min dollar, ABŞ-da isə 15 min dollardır.
ETİ direktorunun fikrincə, daha bir maliyyə mənbəyi müəyyən elmi layihələrə ayrılan qrantlar ola bilər. İndi kollektiv perspektiv istiqamətlərin ilkin variantlarını hazırlamışdır. Pullu məsləhət xidmətlərinin göstərilməsi də nəzərə alınır. Hazırda F.Əliyeva hamilə qadınların dövlət tərəfindən tibbi sığortalanmasının tətbiqi ideyasını irəli sürmüşdür. Bu, dövlətin sosial siyasətinin elementlərindən biridir. Sığorta vəsiqəsi doğum evlərində hamilə qadınlara zəruri xidmətlər göstərilməsinə şərait yaradacaqdır ki, bu da imkansız pasiyentlərə xidmət göstərilməsində hələ də mövcud olan imtina hallarını aradan qaldırmağa imkan verəcəkdir. Bu cür eksperiment Rusiyada artıq uğurla həyata keçirilir və ETİ-nin mütəxəssisləri sənədləri Nazirlər Kabinetinə təqdim etmək üçün layihənin hesablamalarını aparırlar. Faizə Əliyeva təbiətən israrlı, sözünün üstündə duran adamdır və əmindir ki, proqramı həyata keçirmək mümkün olacaqdır.
REKORDÇU REANİMATOLOQ
İstənilən işin yüksək dərəcəli peşəkarları, ustaları var. Bəzi hallarda bunun üçün kamil peşəkarlıq, məqsədyönlülük, sadəcə fərasət, digər hallarda isə həssas qəlb, insan təbiətini bilmək, yaradıcı münasibət tələb olunur. Yüksək kateqoriyalı həkim, ən yaxşı kardioloq-diaqnostik Gennadi Aleksandroviç Şamorin bütün bu keyfiyyətlərə malikdir.
İradə HƏSƏNOVA
Bakı Dəmir Yol Texnikumunu bitirən gənc Gennadini orduya çağırırlar. O vaxt, heç fikirləşmirdi ki, hərbi xidmət onun gələcək taleyini kökündən dəyişəcəkdir. Göndərildiyi Mərdəkan kiçik zabit heyəti məktəbində ona sanitariya təlimatçısı peşəsinə yiyələnməyi təklif edirlər. O, məktəbin müəllimi podpolkovnik Qoroxovskinin tövsiyəsi ilə buna razılıq verir. Görünür, təcrübəli hərbi həkim “sütül” sıravi əsgərdə Tanrıdan gələn “qığılcımı” sezmişdi. Qəribə də olsa, təbabət onu, həqiqətən, son dərəcə maraqlandırdı. Səhiyyə hissəsində feldşer işləyə-işləyə tibbə dair çoxlu ədəbiyyatı oxuyur, peşə mövzularında söhbətlərə diqqətlə qulaq asırdı.
Feldşer təcrübəsi nüfuzlu ali məktəbə - onun N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmaq imkanlarını artırdı. Gərgin müsabiqədən asanlıqla keçdi. Yeri gəlmişkən, tale tələbə Şamorini və Qoroxovskini yenə də bir araya gətirdi. Qoroxovski artıq o vaxtlar bu ali məktəbin hərbi kafedrasında dərs deyirdi. Podpolkovnik yetirməsinin uğurlarına ürəkdən sevinirdi.
Əlbəttə, “qırmızı” diplom alaraq cərrahlıq kafedrasında qalıb elmə yiyələnmək cəlbedici iş idi, lakin Şamorin təcrübəyə, orqanlarda cərrahiyyə əməliyyatı aparmaq üçün şəxsi metodikasını hazırlamağa üstünlük verdi. Elm gözləyə bilərdi. O, 1970-ci ildə əyalət şəhərindəki onkologiya dispanserinə işləməyə getdi. Onun cərrah kimi ilk əməliyyatı məhz burada oldu.
Peşəkarlıqla yanaşı, sağalmaz xəstələrlə münasibət yaratmaq, onlara ümid vermək və hər şeyin yaxşı olacağına inandırmaq, özünün şübhə və hisslərini gizlətmək təcrübəsi də qazanırdı. Burada o, dərd-bəla, göz yaşları ilə üz-üzə gəldi, xəstələrin ölümündən kədərləndi. Amma bir çox həkimlərdən fərqli olaraq, onda insan ağrı-acısına və əzablarına biganəlik yaranmadı. Əksinə, digər prinsip - hətta zərrə qədər ümid yeri qalsa belə, xəstənin həyatı uğrunda mübarizə aparmaq prinsipi formalaşdı...
Onun peşəkarlıq karyerasında növbəti mərhələ anesteziologiya və reanimatologiya oldu. Taleyin belə gərdişi gənc və iddialı cərrah üçün gözlənilməz oldu. 1973-cü ildə Bakıya qayıdan cərrah xəstəxanalarda öz ixtisası üzrə boş yer tapa bilmədi. Ruhdan düşməmək, başlıçası isə, sevimli cərrah peşəsindən uzaqlaşmamaq üçün anestezioloq-reanimatoloq ixtisasına yiyələnmək qərarına gəldi. Gennadi Aleksandroviç təkmilləşdirmə kurslarında təhsil aldıqdan sonra Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun cərrahiyyə şöbəsində yeni peşəsinə başladı. Artıq iki ildən sonra onu Səhiyyə Nazirliyi 4-cü idarəsinin birinci xəstəxanasına, o vaxtkı meyarlarla texniki baxımdan ən yaxşı təchiz olunmuş müəssisəyə işə dəvət etdilər.
Gennadi Aleksandroviç bütün bilik, bacarıq və nailiyyətlərinə görə özünü burada rastlaşdığı istedadlı cərrahlara borclu sayır. Onlar professor Bəybala Abbasov, akademik Böyükkişi Ağayev və Azərbaycan təbabətinin bir çox digər tanınmış simaları idilər.
Ölkədə anesteziologiya xidməti sürətlə inkişaf edirdi. Ötən əsrin 1980-ci illərində təbabətin müxtəlif ixtisaslaşdırılmış sahələrində reanimasiya şöbələri açılırdı. Ölkənin qabaqcıl tibb mərkəzlərində bu istiqamətdə səmərəli iş aparmaq üçün yeni hiperbarik oksigenasiya (5 barokamera), efferent terapiya (hemodializ üçün 3 aparat, qanın lazerlə şüalanması, UFOK, hemosorbsiya, hemofiltrasiya, plazmoferez) şöbələri yaradılmış, humoral diaqnostika laboratoriyaları genişləndirilmiş və funksional diaqnostika kabineti təşkil edilmişdi.
1990-cı illərin əvvəlində Şamorinin karyerasında yeni dönüş yaranır. O, yeni və respublikada hələ də yeganə olan Diaqnostika Mərkəzində işləməyə başlayır. Gennadi Aleksandroviçin sözlərinə görə, bu işə 20 illik fəaliyyəti ərzində gecə və gündüz növbətçilikləri zamanı keçirdiyi sarsıntıların nəticələrini öz üzərində hiss etdiyi bir məqamda dəvət almışdı.
Psixoloji gərginlik sinir sisteminə təsir göstərmişdi. Heç də hər həkim reanimasiya şöbəsində 20 il işləməyə qadir deyildir. Bu, reanimasiyada uzun müddət işləmək sahəsində bir növ rekorddur. Əlbəttə, peşə baxımından. Bəziləri intensiv terapiya ritminə heç 5 il də davam gətirə bilmir.
Ona görə də kardioloq-diaqnostik yerinə dəvəti məmnuniyyətlə qəbul etdi. Şamorinin xəstələr kontingenti, əsasən, ürəklərindən şikayət edənlərdir. Şübhəsiz, seçim təsadüfən edilməmişdi. Gennadi Aleksandroviç deyir ki, kardiologiya ruhən və mahiyyətcə intensiv terapiya sahəsində əvvəlki fəaliyyətinə yaxındır. Uzun illər işemiya, miokard infarktı, stenokardiya, ürəyin müxtəlif patologiyaları ilə qarşılaşmışdır. Bu yaxınlarda onun iştirakı ilə mərkəzdə kardiomonitorla, defibrillyatorla təchiz edilmiş kabinet yaradılmışdır. Burada kəskin ürək çatışmazlığından əziyyət çəkən xəstələrə diaqnoz qoyulur və onlar müalicə alırlar.
Ən yaxşı kardioloq-diaqnostun şöhrəti artıq çoxdan Bakının hüdudlarını aşmışdır. Ölkənin uzaq kəndlərindən, hətta qonşu Gürcüstandan onun yanına gəlirlər.
Daha bir maraqlı məqam da odur ki, Şamorin təmiz Azərbaycan dilində, özü də xəstənin gəldiyi bu və ya digər regionun ləhcəsində asanlıqla danışır. Bu psixoloji məqam həkim-xəstə münasibətlərinə müsbət təsir göstərir. İlk baxışda diaqnostun işi yorucudur, romantikadan uzaqdır. Lakin Gennadi Aleksandroviç bütün həyatı ilə sübut etmişdir ki, peşə insanı deyil, insan peşəni gözəlləşdirir.
SPONSOR TAPILAR, ANCAQ ÖZÜN DƏ QAZAN
İndi Azərbaycanda Mərkəzi Neftçilər Xəstəxanasındakı (MNX) kimi yaxşı tibbi menecment təcrübəsi tapmaq çətindir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan bu müalicə müəssisəsi şirkətin 70 min əməkdaşına xidmət göstərsə də, ölkənin ən ucqar guşələrindən də minlərlə adi vətəndaş buraya tibbi yardım üçün müraciət edir. Bakıda onlarca müxtəlif profilli tibb mərkəzi fəaliyyət göstərir, lakin insanlar məhz bu xəstəxanada müalicə almağa üstünlük verirlər. Bu məşhurluğun səbəbi isə burada şəhərin ən qabaqcıl özəl klinikalarının da həsəd apara biləcəyi müasir avadanlığın, dünyanın qabaqcıl klinikalarında müntəzəm təcrübə keçən yüksəkixtisaslı mütəxəssislərin olmasıdır.
İradə AĞAYEVA
Lakin rəqabətin ilbəil artdığı bu özünəxas bazarda liderliyi saxlamaq üçün həm də müəssisəni bacarıqla idarə etmək lazımdır. Hər bir biznesdə olduğu kimi, burada da başlıcası etibarlı maliyyələşdirmənin taktiki plana uyğunlaşdırılmasıdır. Bu mənada MNX-nin baş həkimi, tibb elmləri namizədi Fəxrəddin Cavadovun bəxti gətirmişdir - ARDNŞ ən iri vergi ödəyicisidir, respublika büdcəsinin mədaxil hissəsi, əsasən, onun ayırdığı vəsait hesabına formalaşır.
Müstəqil Azərbaycanın yeni neft strategiyası təkcə bu qədim sahənin dirçəldilməsi üçün deyil, onunla bağlı digər sahələrdə, o cümlədən səhiyyə sahəsində işin keyfiyyətcə yeni səviyyədə təşkili üçün ən yeni yanaşmalar tələb edirdi. Şübhəsiz, bunun üçün müasir təfəkkürə malik və zamanın məsuliyyətini dərk edə bilən savadlı kadrlar lazım idi.
Beş il əvvəl MNX-ya başçılıq etmək Səhiyyə Nazirliyində rəhbər vəzifələrdən birini tutan F.Cavadova tapşırıldı. Artıq 2000-ci ilin fevralında xəstəxanada geniş yenidənqurma işlərinə başlandı.
Eyni zamanda, həmfikirlərdən ibarət komanda yaradılırdı. Yeni baş həkim gənc, istedadlı mütəxəssisləri dəvət edir, onları məşğələlər keçmək və təkmilləşmək üçün xarici klinikalara göndərirdi.
Yüksək ixtisaslı həkimlər və orta tibb heyəti, analar və çağalar üçün yaradılmış gözəl şərait nəticəsində neft sahəsində çalışan qadınlar Azərbaycanın bütün guşələrindən doğmaq üçün MNX-yə gəlirlər. 2002-ci ildən indiyədək xəstəxanada təxminən 1500 uşaq doğulmuşdur. Özü də xəstəxana anaların körpələri ilə birlikdə qalmasını nəzərdə tutan YUNİSEF sistemi əsasında işləyir.
İTAR-intensiv terapiya, anesteziologiya və reanimasiya şöbəsi deməkdir. Azərbaycanda çalışan, ölkəmizə qonaq gələn və çətin vəziyyətə düşmüş əcnəbilər də buraya müraciət edirlər. Ən müasir tibbi avadanlıq sayəsində pasiyentlərə keyfiyyətli yardım göstərilir.
Professor Rauf Quliyev bildirir ki, cərrahiyyə şöbəsi ABŞ, Almaniya, Böyük Britaniya və digər ölkələrdən olan həmkarları ilə sıx əlaqə saxlayır. Mürəkkəb diaqnostika və müalicə taktikası ilə qarşılaşanda internet vasitəsilə məsləhətləşmələr aparılır.
Neftçilər xəstəxanasında hər il müxtəlif dərəcəli 600-dək mürəkkəb, o cümlədən 30-40 nadir cərrahiyyə əməliyyatı aparılır. Həkimlər toxumalardakı qüsurları aradan qaldırmaq üçün müxtəlif plastik materiallardan geniş istifadə edirlər. Cərrahiyyə əməliyyatları zamanı azzədələyici metodlardan istifadə sayəsində xəstələrin bərpa dövrünü xeyli qısaltmaq mümkün olmuşdur. Daha bir neçə rəqəm: MNX-nin stasionarlarında eyni vaxtda 550 xəstə müalicə oluna bilər, xəstəxanada ildə orta hesabla təxminən 6,5 min nəfər müalicə edilir, bir xəstənin müalicə kursunun müddəti isə 14 gündür. Bu, ölkədə ən yaxşı göstəricilərdən biridir.
Hazırda xəstəxanada 7 elmlər doktoru, 20 tibb elmləri namizədi, 200-ə yaxın yüksəkixtisaslı həkim çalışır.
F.Cavadov əmindir ki, savadlı kadrlar, düşünülmüş idarəçilik, əla tibb avadanlığı optimal maliyyələşdirmə olmadan mümkün deyildir. Yeni avadanlığın, farmakoloji və diaqnostika vasitələrinin, xəstəxana palatalarının modernləşdirilməsinə, qida məhsullarının alınmasına, əmək haqqının ödənilməsinə və digər zəruri ehtiyaclara yönəldilmiş vəsaitin 90 faizini ARDNŞ ödəyir. Qalan 10 faiz isə pullu xidmətlər və öz müştərilərinin xərclərini ödəyən sığorta şirkətlərinin köçürmələri hesabına əldə edilir.
PROSES BAŞLANMIŞDIR
“İnsan özü özünün həkimi olmalıdır” – başqa bir aforizmin dəyişdirilmiş ifadəsi olan bu kəlam axır vaxtlaradək Azərbaycan səhiyyəsinin bir çox obyektlərindəki vəziyyətin mənzərəsini son dərəcə yaxşı əks etdirirdi. Lakin həmin obyektlərdə qiymətlərin yüksək olması xəstələrin əsas kütləsi üçün buradan kömək almağı əlçatmaz edir və adamlar öz “doğma” poliklinikaları və xəstəxanalarına üz tuturlar. Burada səhiyyənin problemləri onların öz problemlərinə çevrilir. Şprislər, venadaxili inyeksiya sistemi və sarğı materialları bir yana, demək olar, dərmanların da hamısını öz hesabına almaq lazım gəlir.
Ülviyyə BAYRAMOVA
Hazırda vəziyyət köklü surətdə dəyişir. Səhiyyəyə maliyyə yatırımının kəskin şəkildə artması sistemdə genişmiqyaslı islahatlar aparılmasına səbəb olmuşdur. Bu il səhiyyəyə büdcədən 813 milyard denominasiya edilməmiş manat ayrılmışdır ki, bu da ötən ildəkindən təqribən üçdə bir qədər çoxdur. Bu, vaxtı çoxdan çatmış təşkilati, maddi-texniki dəyişikliklər, kadr dəyişiklikləri etməyə, müxtəlif layihələri gercəkləşdirməyə imkan verir. Reallaşdırılmış ideyalardan biri cəmi iki ay əvvəl fəaliyyətə başlamış Klinik Təbabət Mərkəzi (KTM) olmuşdur. Mərkəz M.Nağıyev adına təcili yardım xəstəxanasının və birinci Bakı şəhər klinik xəstəxanasının bazasında yaradılmışdır. Hər iki müəssisə bir ərazidə yerləşir və vahid müalicə-sağlamlıq kompleksindən ibarətdir.
Şübhəsiz, struktur dəyişikliklərini təkcə coğrafi yaxınlıq şərtləndirməmişdir. KTM-nin baş həkimi Azər Kərimovun dediyi kimi, konkret iş üçün məqsədli maliyyələşdirmə olmadan tibbi xidmətlərin səviyyəsini yüksəltmək mümkün deyildir. Yeni qurumun başlıça ideyası həm təcili, həm də stasionar yardımın müasir operativ çoxprofilli modelini yaratmaq, xəstələrə təminatlı pulsuz xidmətlər paketi təqdim etmək, bütün təbabətin kommersiyalaşdırılması ilə mübarizə aparmaqdır.
İndən belə 60 adda preparatı və cərrahiyyə əməliyyatları üçün bütün materialları əhatə edən müalicə kursu pulsuz olacaqdır. Vaxt keçdikcə bu siyahı genişləndiriləcəkdir. Həmin dərmanları istifadəsinə nəzarət mexanizmi artıq fəaliyyətdədir. Komissiyalar müalicə edən həkimin təyinatlarını, aptekə daxil olan sifarişləri yoxlayır, xəstələrin özləri ilə söhbət aparırlar.
Etiraf etmək lazımdır ki, səhiyyədə qarşılıqlı münasibətlərin iki il bundan əvvəl tətbiq edilmiş təsərrüfat hesabı forması az qala bütün sistemin kommersiyalaşmasına səbəb olmuşdu. Xəstələrə belə biznesin “mətbəxindən”, müəyyən olunmuş tariflərdən baş çıxarmaq bəzən çox çətin olurdu. Nəticədə xəstələrin heç də onların xeyrinə olmayan yenidən paylanması baş vermişdir.
KTM heç də təkcə maddi baxımdan hamının müraciət edə biləcəyi dövlət müəssisəsi olmayacaqdır. Əsas vəzifə mərkəzi hərtərəfli tibb xidməti göstərməklə, respublikada özəl bölmə ilə güclü rəqabət apara biləcək ən iri müalicə kompleksinə çevirməkdir.
Bakı üçün hematoloji şöbə və qan bankı yaradılır. Paytaxt üç milyon əhalisi olan meqapolisə çevrilir. Amma nə qədər qəribə də olsa, şəhərdə indiyədək qan bankı yoxdur. Hematologiya və Transfuziya Elmi Təhqiqat İnstitutunun nəzdində bütün respublikaya xidmət göstərən qan bankı fəaliyyət göstərir.
Yeni kollektivin layihələri və ideyaları çoxdur. A.Kərimovun sözlərinə görə, onların reallaşdırılması çox vəsait tələb edir. Ona görə də KTM dövlət tərəfindən maliyyələşdirilməklə yanaşı, özü də qazanmalıdır. Bunun üçün imkanlar, yəni yaxşı “zəkalar” (mütəxəssislər nəzərdə tutulur), ən yaxşı texnika, - elə bu günlərdə ən müasir ultrasəs müayinəsi aparatları, son modelli kardioversiyalı stasionar defiblyatorlar, biokimyəvi və ümmunoferment analizatorları alınmışdır, - vardır.
Pullu məsləhət xidmətlərinin siyahısı hazırlanır. Axı, burada tibb universitetinin professorları və dosentləri təcrübə aparacaqlar. Bu intellektual resursdan nə üçün istifadə olunmasın?