TƏMİZLİK VƏ SANİTARİYA AYLIĞINA YEKUN VURULMUŞDUR
Nazir Əli İnsanov iclası açaraq, Səhiyyə Nazirliyinin son zamanlar genişlənmiş beynəlxalq əlaqələrindən danışmışdır. Nazirin sözlərinə görə, QİÇS-lə mübarizə üçün Qlobal Fondun Azərbaycana ayırdığı 6,6 milyon dollar məbləğində qrant bu təhlükəli xəstəliklə profilaktika işini yaxşılaşdırmağa imkan verəcək, Bakıda açılması nəzərdə tutulmuş səhiyyə sahəsində informasiya texnologiyaları üzrə regional əlaqələndirmə bürosu isə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır.
Əli İnsanov gələn ilin dövlət büdcəsindən səhiyyə üçün ayrılan maliyyə vəsaitinin artırılmasına görə dövlət başçısı İlham Əliyevə ölkənin tibb işçiləri adından təşəkkürünü bildirmişdir.
Kollegiyada aylığın yekunları və ölkədə epidemioloji vəziyyət barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yoluxucu xəstəliklərin kökünün kəsilməsində əldə edilmiş uğurlarla yanaşı, təəssüf, kəskin ətalətli iflic və malyariya ilə mübarizə, peyvənd materiallarının saxlanması üçün lazımi şəraitin yaradılması sahəsinə aid məsələlərin təxirəsalınmaz həllini tələb edən bir sıra faktlar da qeydə alınmışdır.
Sonra aylığın qalıbləri elan olunmuşdur.
Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə birinci yer Azərbaycan Tibb Universitetinə, ikinci yer Bakı şəhərindəki 6 nömrəli uşaq klinik xəstəxanasına, üçüncü yer isə Yevlax şəhər xəstəxanasına verilmişdir.
Qalib müəssisələr üçün ayrılmış pul mükafatları aylıqda daha fəal iştirak etmiş əməkdaşlar arasında bölüşdürüləcəkdir.
Ərazilərinin abadlaşdırılması və təmizlənməsi işində fərqlənmiş bir sıra tibb müəssisələrinə təşəkkür elan edilmişdir.