Tərtər rayonunun Dəmirçilər kəndinə təbii qaz verilib VİDEO
Tərtər, 14 may, AZƏRTAC
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Dəmirçilər kəndi də əlavə olunub. 216 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13 min 476 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17 min 186 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında bildirib ki, rayonun ərazisi 48 kilometr məsafədə qoşunların təmas xəttində yerləşir. Düşmənin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, həyat öz axarı ilə davam edir. Tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial layihələr həyata keçirilir.
Məlumat verilib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 36-sı təbii qazla təmin olunub, daha 5 kənddə qazlaşma işləri başa çatmaq üzrədir. İlin sonunadək qalan kəndlərin də mavi yanacaqla təmin olunması nəzərdə tutulur.
Milli Məclisin deputatı Sahib Alıyev mərasimdə çıxış edərək, ölkəmizdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıdan danışıb.
Çıxış edən sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.