Tərtərdə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda tədbir keçirilmişdir
Tərtər, 12 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda növbəti tədbirini Tərtər rayonunda keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-yə yaxın istehlakçı iştirak etmişdir.
Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda, istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Araz Əliyev cari ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 72,3 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirmişdir.
A.Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin ötən dövründə 15 adda 150 min buklet, 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq sahibkarlara və istehlakçılara paylanılmış, televiziya kanallarında sosial reklam çarxları yayımlanmışdır.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılmışdır.