REGİONLAR
Tərtərdə keçirilən humanitar aksiyada 221 nəfər könüllü olaraq qan verib
Tərtər, 18 noyabr, AZƏRTAC
Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 könüllü donordan qan götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər.
Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.