Tərtərdə keçirilən qanvermə aksiyasında 277 nəfər könüllü olaraq qan verib
Tərtər, 27 oktyabr, AZƏRTAC
Tərtər rayon Heydər Əliyev Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər olmaqla, ümumilikdə 2000 nəfərdən çox rayon sakini könüllü olaraq iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçiblər, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 277 nəfər qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.