Tərtərdə professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib
Tərtər, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər şəhərində texnika elmləri doktoru, professor Rasim Axundovun 80 illik yubileyi qeyd edilib. Gənclər Mərkəzində təşkil olunan yubiley tədbirində Tərtər rayon ictimaiyyəti, elm xadimləri, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə professor Rasim Axundova həsr olunmuş videogörüntülər nümayiş olunub.
Tədbirdə Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, AMEA-nın həqiqi üzvü, professor Vaqif Abbasov, “Nərgiz” klinikasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova və digərləri Rasim Axundovu təbrik edərək xoş arzularını çatdırıb, onun mənalı həyatı və elmi fəaliyyətindən danışıblar. Məlumat verilib ki, Axundov Rasim Fərrux oğlu 1939-cu ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ziyalı ailəsində anadan olub. 1957-ci ildə orta məktəbi “Qızıl medal”la bitirərək, Azərbaycan Politexnik İnstitutuna qəbul olub. 1962-ci ildə təyinatla Qazaxıstanda Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
Rasim Axundov elmi-tədqiqat işləri aparmaqla yanaşı, Azərbaycan Texniki Universitetinin “Metallar texnologiyası və metalşünaslıq” kafedrasında uzun illər mühazirə deyib, laboratoriya işləri tədris edib. Professor, həmçinin AMEA nəzdində olan Xüsusi konstruktor texnoloji metalşünaslıq bürosunda laboratoriya rəhbəri vəzifəsində çalışıb. O, 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin və 1 publisistik kitabın müəllifidir.
Sonda R.Axundov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Yubilyara fəxri fərman və hədiyyə təqdim olunub.